Bakı. Trend:
Sumqayıt Texnologiyalar Parkının elektrik avadanlıqları zavodunda “Made in Azerbaijan” brendi altında əvvəllər Azərbaycanda istehsal olunmayan dizel generatorlarının istehsalına başlanılıb.
Trend-in məlumatına görə, bu barədə jurnalistlərə zavodun direktoru Qədir Əliyev bildirib.
"İllik statistikaya görə, Azərbaycan 50 milyon dollar dəyərində dizel generatorları idxal edir. Biz zavodun texniki imkanlarından və kadr potensialından istifadə edərək daxili və xarici bazarların tələbatının müəyyən hissəsinin ödənilməsi üçün dizel generatorlarının istehsalına başlamaq qərarına gəldik və bu layihə uğurla başa çatdı”, - Q.Əliyev bildirib.
Onun sözlərinə görə, zavod dizel generatorlarının ixracı ilə bağlı danışıqlara başlayıb.
"İlin sonuna qədər biz dizel generatorlarının Mərkəzi Asiya və Afrika ölkələrinə ixracına başlamağı planlaşdırırıq", - Q.Əliyev deyib.
O, həmçinin sentyabr-oktyabr aylarında Afrika ölkələrinin nümayəndələrinin zavoda səfər edəcəyini bildirib.
"İlkin razılaşmaya əsasən, elektrik avadanlıqları zavodu ilin sonuna qədər Afrika ölkələrinə 100 dizel generatoru ixrac edəcək", - direktor vurğulayıb.