Bakı.
Avropa İttifaqı (Aİ) Azərbaycanın və Xəzər regionunun enerji təhlükəsizliyi sahəsində artan rolunu qəbul edir.
Bunu Trend-ə Beynəlxalq Siyasi İqtisadiyyat üzrə Avropa Mərkəzinin (ECIPE) baş elmi işçisi Tengiz Pxaladze deyib.
"Azərbaycanın bu sahədə rolu sürətlə artır. Aİ Azərbaycanın enerji təhlükəsizliyini dəstəyə sadiqliyini yüksək qiymətləndirir. Azərbaycan bizim üçün sadəcə etibarlı tərəfdaş deyil. Azərbaycan rəhbərliyi mövcud inkişaf tendensiyalarını başa düşür, inkişafa, əməkdaşlığa can atır və daim həll yolu tapır”, - deyə o bildirib.
Qaz ixracının artırılması ilə bağlı bu yaxınlarda Azərbaycanla Aİ arasında imzalanmış memorandumdan danışan ekspert qeyd edib ki, bu, Aİ-nin Azərbaycanı mühüm tərəfdaş hesab etməsinin bariz nümunəsidir.
"Bu memorandumun imzalanması hər iki tərəfdən çox düzgün qərar idi. Bu gün Azərbaycanın və Xəzər dənizinin, xüsusən də Trans-Adriatik boru xətti (TAP) və Trans-Anadolu qaz xətti (TANAP) ilə bağlı nəhəng imkanları qəbul olunur”,- T.Pxaladze deyib.
Boru xətlərinin buraxılış gücünə və onların potensial genişləndirilməsinin mümkünlüyünə gəldikdə, ekspert bildirib ki, bu, mümkündür və əsasən siyasi iradədən asılıdır.
"90-cı illərdə problemlərin daha ciddi olduğu bir vaxtda tərəflər məhz siyasi iradə sayəsində razılığa gələ bilmişdilər. İndi də bundan Aİ, Azərbaycan, Gürcüstan və digər tərəflər faydalanır. Beləliklə, bu memorandum həm Aİ-nin, həm də Azərbaycan güclü siyasi iradəsinin göstəricisidir”, - ekspert deyib.
Onun sözlərinə görə, Cənub Qaz Dəhlizinin nəql gücü təkcə Azərbaycan deyil, həm də regionun digər ölkələri, məsələn, Türkmənistan nəzərə alınmaqla hesablanıb.
"Bu gün Azərbaycan və Türkmənistanın birgə enerji layihələri üzrə gələcək əməkdaşlıq üçün böyük potensialı var. Xəzər regionunun digər ölkələri də layihəyə qoşulsa, üstünlük hər iki tərəf üçün əhəmiyyətli olacaq", - o əlavə edib.
(Tərcümə: Orxan Nəbiyev)