Bakı. Trend:
Gələn il şəhid ailələrinin üzvlərinin muzdlu işdən aldıqları gəlirlərin 800 manata qədər olan hissəsinin vergilərdən azad olunması planlaşdırılır.
Trend-in məlumatına görə, bunu noyabrın 3-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində 2023-cü ilin dövlət büdcəsi ilə bağlı müzakirələr zamanı komitə sədri Tahir Mirkişili bildirib.
O, həmçinin qeyd edin ki, 2022-ci ilin sonlarına qədər Azərbaycanda orta aylıq əmək haqqının 800 AZN, 2023-cü ildə 898 manat olması planlaşdırılır: “Bu isə demək olar ki, şəhid ailələri və onların övladları, valideynlərinin böyük bir qisminin əməkhaqqısının vergidən azad olunması deməkdir”, - deyə komitə sədri əlavə edib.
Xatırladaq ki, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi oktyabrın 24-də Milli Məclisə daxil olub.
Layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.
Əvvəlki illərdə olduğu kimi, 2023-cü ilin dövlət büdcəsi də sosialyönlü olaraq proqnozlaşdırılıb. 2023-cü ildə bu məqsədlə 15,2 milyard manat vəsait nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 1,3 milyard manat və ya 9,3 faiz çoxdur.
Növbəti ildə ehtiyac meyarının həddi 2022-ci illə müqayisədə 23 faiz artaraq 246 manat nəzərdə tutulur. Bununla da 2023-cü ildə ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarının hədləri bərabərləşmiş olacaq.