Dubay. Trend:
İqlim dəyişikliyi ilə mübarizə çərçivəsində çoxtərəfli banklar yaradılmalıdır.
Trend xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş Dubayda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 28-ci sessiyası (COP28) çərçivəsində deyib.
BMT Baş katibi, həmçinin, bu bankların iqlim dəyişikliyi ilə mübarizədə yardıma ehtiyacı olan ölkələrə kömək göstərə biləcəyini bildirib.
"COP28-də müraciətim budur ki, iddialı nəticə əldə etməliyik. Bu mühüm nəticə ölkələrin qlobal istiləşmə üçün temperaturun 1,5°C səviyyəsində məhdudlaşdırılmasını vurğulamaqla, qazıntı enerjisindən imtina barədə konsensus əldə edilməsindən ibarətdir", - deyə Quterreş vurğulayıb.
O, hazırda dürüst müzakirələr aparmağın və həll yolları üçün kompromislər axtarmağın vaxtının gəlib çatdığını qeyd edib.
BMT Baş katibi COP28 konfransının qlobal çağırışlara qarşı cavab tədbirləri üçün çoxtərəfliliyin əhəmiyyətini bir daha sübut etdiyini qeyd edib.
Onun sözlərinə görə, ölkələr qazıntı yanacağından imtina və iqlim ədalətliliyi naminə aktiv fəaliyyət göstərməlidir.
"Enerji səmərəliliyi və bərpa olunan enerji mənbələri üzərində fəaliyyətə təcili başlamaq lazımdır", - o deyib.
BMT Baş katibinin sözlərinə görə, dekarbonizasiya sayəsində yeni iş yerləri açılacaq, lakin cəmiyyətin müəyyən təbəqələri mənfi nəticələrdən zərər görə bilər və bu istiqamətdə hökumətlər bu təbəqələrə sosial-iqtisadi dəstək göstərməli və bu baxımdan plan hazırlamalıdır.
Quterreş, həmçinin, inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə bu məsələdə yardım etməli və maliyyə dəstəyi göstərməli olduğunu qeyd edib.
"Ölkələrin iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində atacağı addımlar müxtəlif ola bilər, lakin bu istiqamətdə öhdəliklərin icrası üzərində stabil şəkildə və fasiləsiz çalışmaq lazımdır", - deyə o əlavə edib.
BMT Baş katibi COP28 konfransında əldə edilmiş konsensusu müsbət qarışlayaraq, ölkələrin milli iqlim planı hazırlamalı olduğunu bildirib.
(Tərcümə: Rəna Əbdürəhmanova)