...

Avropa vahid bazarın dərinləşməsinə fokuslanmalıdır - BVF

İqtisadiyyat Materials 19 Aprel 2024 19:00 (UTC +04:00)
Avropa vahid bazarın dərinləşməsinə fokuslanmalıdır - BVF
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Vaşinqton. Trend:

Avropa vahid bazarın dərinləşməsinə fokuslanmalıdır.

Trend xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Avropa şöbəsinin direktoru Alfred Kammer BVF-in Vaşinqtonda keçirilən yaz iclasları çərçivəsində iqtisadi perspektivlər üzrə brifinqdə deyib.

"BVF-in Avropa üzrə proqnozları "yüngül eniş" nəzərdə tutur, lakin buna zəmanət verilmir. Ötən dövr ərzində sürətli inflyasiyanın şahidi olduq və hazırda bərpa prosesini proqnozlaşdırırıq. İqtisadiyyatın investisiyalar hesabına bərpa olunacağını gözləyirik", - o deyib.

Kammerin fikrincə, iqlim və digər sahələrlə əlaqədar xərclərə ehtiyacı qarşılamaq üçün büdcə sferasında tədbirlər görülməlidir.

"Avropanın qlobal istehsal səviyyəsi və rifah nöqteyi-nəzərindən hazırda harada olduğuna baxırıq. Əhalinin hər nəfərinə düşən ÜDM və alıcılıq qabiliyyəti nöqteyi-nəzərindən Avropa ABŞ ilə müqayisədə 1/3 aşağı göstəricilərə malikdir. Lakin bu, hər zaman belə olmayıb. Bu, əsasən, Avropada ABŞ ilə müqayisədə daha aşağı məhsuldarlıqla əlaqəlidir. Bu, o deməkdir ki, Avropa ABŞ ilə arasındakı bu uyğunsuzluğu azaltmaq üçün qeyd olunan göstəriciyə fokuslanmalıdır", - o deyib.

Kammer Avropanın əməyin məhsuldarlığında artımın təmin olunmasında bir çox maneələrlə üzləşəcəyini və proqnozlaşdırılan gələcəkdə bu uyğunsuzluğu aradan qaldıra bilməyəcəyini qeyd edib.

"Bu səbəbdən əlavə tədbirlər görülməlidir və Avropaya vahid bazarın dərinləşməsinə fokuslanmağı tövsiyə edirik. Vahid bazar 90-cı illərdə artımın təkanverici qüvvəsi olub və gələcək inteqrasiya planında qarşıda hələ görüləsi çox iş var. Burada söhbət təkcə kapital bazarından və bank ittifaqından deyil, həm də sərhədyanı infrastrukturdan gedir. Biz tədqiqat aparanda məqsədimiz vahid bazarda bu baryerlərin 10 faiz bəndi azaldılması idi. Nəticədə, ÜDM artımı səviyyə üzrə 7 faiz olacaq ki, bu da böyük rəqəmdir", - o deyib.

Kammerin fikrincə, vahid bazarın dərinləşməsi, həmçinin, daha mürəkkəb iqtisadi vəziyyətə cavab reaksiyası olacaq, çünki Avropa vahid bazarı dərinləşdirmək hesabına onun dayanıqlılığının artırmaq və iqtisadiyyatı daha dayanıqlı etmək niyyətindədir.

Qeyd edək ki, aprelin 15-də Vaşinqtonda Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankı Qrupunun (DBQ) Yaz İclasları öz işinə başlayıb.

Nazirlər səviyyəsində əsas görüşlər və tədbirlər 17-19 aprel tarixlərində, digər görüşlər isə 15-20 aprel tarixlərində keçirilir.

BVF-in İnkişaf Komitəsi və Beynəlxalq Valyuta-Maliyyə Komitəsinin iclasları əsas tədbirlərdən biridir. Burada DBQ və BVF-in fəaliyyəti müzakirə olunur.

BVF-in yaz iclaslarında mərkəzi bankların rəhbərləri, maliyyə və inkişaf nazirləri, parlamentarilər, özəl sektor və vətəndaş cəmiyyətinin, habelə elmi təşkilatların nümayəndələri bir araya gələrək qlobal narahatlıq doğuran problemləri, o cümlədən dünya iqtisadiyyatı ilə bağlı məsələləri, yoxsulluğun aradan qaldırılması və iqtisadi inkişafla bağlı mövzuları müzakirə edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti