Tbilisi. Trend:
AİB-in Mərkəzi və Qərbi Asiyada iqtisadi artım proqnozu müsbət olaraq qalır.
Trend-in məlumatına görə, bunu AİB-in Mərkəzi və Qərbi Asiya üzrə baş direktoru Yevgeni Jukov Tbilisidə AİB-in illik iclasında brifinq zamanı deyib.
"Ümumilikdə, AİB-in Mərkəzi və Qərbi Asiya ölkələri ilə bağlı proqnozu çox müsbətdir. Bu il səngimə çox cüzidir. İnflyasiya da azalacaq. Təbii ki, qonşu ölkələrdə iqtisadi artımın ləngiməsi, yüksək templərlə bağlı bəzi şoklar baş verə bilər. Qida və enerji qiymətləri hər zaman yenidın bahalaşa bilər. Geosiyasi gərginliklər də iqtisadiyyata təsir edə bilər", - o deyib.
Qeyd edək ki, bu gün Tbilisidə Asiya İnkişaf Bankının (AİB) İdarəedicilər Şurasının iclası başlayıb. Bu, illik toplantının rəsmi başlanğıcının açılışıdır. Bu, ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir.
Xatırladaq ki, 2-5 may tarixləri ərzində keçirilən 57-ci illik toplantının mövzusu "Gələcəyə Körpü"dür.
İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okean regionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdən keçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə min iştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi bankların rəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorun nümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, gənclər, elm və media nümayəndələri iştirak edir.