Bakı. Trend:
Azərbaycandan Serbiyaya qaz tədarükü dayandırılmayacaq.
Trend-in məlumatıma görə, bu barədə Serbiya prezidenti Aleksandar Vuçiç X sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Azərbaycandan olan qardaşlarımız və dostlarımız indicə mənə bildirdilər ki, fors-major halların yaratdığı obyektiv problemlərə baxmayaraq, Serbiyaya qaz tədarükü dayandırılmayacaq. Azərbaycana və tezliklə Belqradda görməyi səbirsizliklə gözlədiyim Prezident İlham Əliyevə böyük təşəkkürümü bildirirəm", - o yazıb.
Qeyd edək ki, ötən gün Serbiya prezidenti Aleksandar Vuçiç Azərbaycanın “Şahdəniz” yatağındakı texniki nasazlıqlara görə gündəlik 1,7 milyon kubmetr qaz tədarükünün dayandırılması ilə bağlı Serbiya tərəfini xəbərdar etdiyini bildirib.
Bu fonda bəzi KİV-lər tədarükün kəsilməsinin “bir neçə ay” davam edə biləcəyini bildirdi.
Enerji bazarındakı mənbənin Trend-ə verdiyi məlumata görə, Azərbaycan qazının Serbiyaya nəqli yanvarın 15-də bərpa oluna bilər.
Eyni zamanda, bp Azerbaijan-dan Trend-ə verilən məlumata görə, şirkət platformada yaranmış texniki problemin tezliklə aradan qaldırılması üçün çalışır.
“Texniki problemin mümkün qədər tez aradan qaldırılması üçün işlər aparılır. Şahdəniz Alfa platformasının özündə və digər platformalarda heç bir problem yoxdur. Texniki problem xüsusilə Şahdəniz Alfa platforması ilə Səngəçal terminalı arasındakı sualtı kondensat ixrac xəttində yaranıb”, - bp bildirib.
Xatırladaq ki, 2023-cü il noyabrın 15-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Serbiyanın “Srbijagas” şirkəti arasında Azərbaycan qazının Serbiyaya tədarükü haqqında saziş imzalanıb. Müqaviləyə əsasən, 2024-cü ildən 2026-cı ilə qədər olan dövrdə Azərbaycandan Serbiyaya hər il 400 milyon kubmetrədək qaz tədarük ediləcək, həcmi 2027-ci ildən artırmaq imkanı olacaq.
Azərbaycan qazının Serbiyaya tədarükü 2024-cü ilin fevralında başlayıb. 2024-cü ilin sentyabrında SOCAR və “Srbijagas” arasında sutkada 1 milyon kubmetr qazın alqı-satqısına dair əlavə saziş imzalanıb ki, bu da 2024-cü il noyabrın 1-dən 2025-ci il aprelin 1-dək olan dövrü əhatə edir.