Bakı. Trend:
Milli Məclisin yaz sessiyasında dövlət büdcəsinin icrası haqqında məsələ müzakirə ediləcək.
Trend xəbər verir ki, bunu bu gün Milli Məclisin 2025-ci il yaz sessiyasının ilk plenar iclasında açılış nitqi zamanı parlamentin sədri Sahibə Qafarova deyib.
"Bu sessiyada biz qanun layihələrini müzakirə və qəbul etməklə yanaşı, Konstitusiyanın tələbinə uyğun olaraq, Nazirlər Kabinetinin hesabatını dinləyəcəyik. Bundan əlavə, Milli Məclisin iclaslarından birində 2024-cü ilin dövlət büdcəsinin icrası haqqında məsələ müzakirəyə təqdim ediləcək.
Sessiyada Hesablama Palatasının, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun, İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın), bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən müvafiq qurumun və gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik hesabat, məlumat və məruzələrini də dinləyəcəyik”, - deyə Sahibə Qafarova qeyd edib.