Bakı. Trend:
Ötən il Azərbaycandan Rusiya Federasiyasına 1.2 milyard ABŞ dolları, Türkiyəyə 542,3 milyon ABŞ dolları, Gürcüstana 272,4 milyon ABŞ dolları, İsveçrəyə 220,4 milyon ABŞ dolları, ABŞ-a isə 134,7 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Trend xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) 2024-cü ilin yanvar-dekabr ayları üzrə “İxrac icmalı”nda qeyd olunub.
Məlumata görə, 2024-cü ilin dekabr ayında ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında xurma (27,1 milyon ABŞ dolları) birinci, tomat (pomidor) (20,1 milyon ABŞ dolları) ikinci, qızıl (19,5 milyon ABŞ dolları) üçüncü olub.
Ötən ilin dekabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (94.2 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (35.2 milyon ABŞ dolları) ikinci, İsveçrə (26.8 milyon ABŞ dolları) üçüncü olub.
2024-cü ilin yanvar-dekabr ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar: “MKT İstehsalat Kommersiya” MMC, “Silk Vey Vest Aviaşirkəti” MMC, “ASG Business Aviation” MMC, “Baku Steel Company” QSC, Süleymanova Göhər Süleyman qızı, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, "Tabaterra" QSC, “Khan-El” MMC, “Atena” Məhdud Məsuliyyətli Cəmiyyəti.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR Polymer” MMC, “AzerGold” QSC, “Azəralüminium” MMC, “Azərenerji” ASC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, Naxçıvan MR Dövlət Energetika Xidməti, “Suraxanı Maşınqayırma zavodu” ASC, “Azəripək” MMC.