Bakı. Trend:
Ötən ilin dekabrın 1-nə olan məlumata görə, Azərbaycanda iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə muzdla çalışan işçilərin sayı 1,775 milyon nəfər olub.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə muzdla çalışan işçilərin sayı dövlət sektorunda 884,4 min nəfər, özəl sektorda çalışan işçilərin sayı isə 890,9 min nəfər təşkil edib.
İqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə muzdla çalışan işçilərin sayında birinci yerdə təhsil sahəsi dayanıb. Belə ki, bu sahədə muzdla çalışan işçilərin sayı 328,5 min nəfər olub ki, onun da 311,2 min nəfəri dövlət sektorunda, 17,3 min nəfəri özəl sektorda fəaliyyət göstərən şəxslər olub.
Siyahının ikinci pilləsində ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində fəaliyyət göstərən işçilər tutub. Bu sahədə muzdla çalışan işçilərin sayı 328,2 min nəfər olub. Bu işçilərin 3,2 min nəfəri dövlət sektorunda 325 min nəfəri özəl sektorda çalışan şəxslər olub.
Digər ən çox muzdla çalışan işçilər əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahələrində cəmləşib. Bu sahədə muzdla fəaliyyət göstərən işçilərin sayı 121 min nəfəri dövlət sektoru, 29,8 min nəfəri özəl sektor olmaqla 150,8 min nəfər təşkil edib.
Muzda çalışan işçilərin sayının ən az olduğu sahə daşınmaz əmlakla əlaqədar sahələr olub. Bu sahələrdə muzdla çalışan işçilərin sayı 19,4 min nəfər olub ki, onların 5,5 min nəfəri dövlət sektorunda, 13,9 min nəfəri özəl sektorda fəaliyyət göstərib.
Qeyd edək ki, bəhs olunan dövrdə iqtisadiyyatın neft-qaz sektorunda 31,6 min nəfər, qeyri neft-qaz sektorunda isə 1743,7 min nəfər çalışıb.