Bakı. Trend:
5 fevral 2025-ci il tarixində PAŞA Holding və onun törəmə
şirkətləri tərəfindən təşkil edilən, hüquq sahəsində peşəkarları,
ekspertləri və texnologiya liderlərini bir araya gətirən “LEGIS
Hüquq Forum”u uğurla başa çatdı.
Sözügedən forum Azərbaycanda bu silsilədən ilk tədbir olaraq,
dövlət rəsmiləri, özəl sektorun nümayəndələri, həmçinin 500-ə yaxın
hüquq peşəkarını bir araya gətirən tədbir oldu.
Forumun məqsədi dövlət-özəl sektorları arasında hüquq mövzusu üzrə əməkdaşlığı daha da təşviq etmək, hüquq mütəxəssisləri üçün bilik mübadiləsi təşkil etmək, əsas qanunvericilik islahatlarını müzakirə etmək və mövcud hüquqi boşluqları dəyərləndirmək üçün dinamik bir platforma yaratmaq idi.
Tədbirin açılış mərasimində Azərbaycan Republikasının
İqtisadiyyat Naziri Mikayıl Cabbarov, Azərbaycan Respublikasının
Ədliyyə Naziri Fərid Əhmədov, Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin
müdiri Gündüz Kərimov, Azərbaycan Respublikasının Baş prokuroru
Kamran Əliyev, Azərbaycan Respublikasın Milli Məclisinin Hüquq
siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, PAŞA
Holding-in Baş icraçı direktoru Cəlal Qasımov, eləcə də PAŞA
Holding-in Qrup üzrə Hüquq və Komplayens Departamentinin direktoru
Aytac Qasımova çıxış ediblər.
PAŞA Holding-in Baş İcraçı direktoru Cəlal Qasımov çıxışında
forumun əhəmiyyətini yüksək dəyərləndirib. "Ölkəmizdə ilk dəfə
olaraq hüquq mövzusunda belə miqyasda keçirilir və bizim üçün bu
forumun təşəbbüskarı və təşkilatçısı qismində çıxış eləmək həm çox
sevindirici, həm də çox qürurverici haldır" - Cəlal Qasımov
bildirib.
Qeyd edək ki, tədbir qlobal və yerli spikerlərin çıxışları ilə yadda qaldı. Forum çərçivəsində dövlət-özəl sektor əməkdaşlığının hüquqi aspektləri, arbitraj mexanizmlərinin artan rolu, hüquqi çərçivələrin gücləndirilməsi və texnologiyanın hüquq sahəsinə təsiri kimi aktual mövzular müzakirə edildi. Forum iştirakçıları arasında müasir hüquq sistemlərinin qarşılaşdığı çağırışlar və innovativ həll yolları üzərində dayanaraq, rəqəmsal ekosistemin inkişafı və hüquqla inteqrasiyası, eləcə də yeni texnologiyaların qanunvericiliyə təsiri mövzularında fikir mübadiləsi aparılıb.
Tədbirin ən maraqlı məqamlarından biri isə, robot Sofiyanın iştirakı oldu. O, hüquq və innovasiyaların birgə inkişaf edərək gələcəyin qanunvericiliyini necə formalaşdıra biləcəyini nümayiş etdirdi.
LEGIS Hüquq Forumu, hüquq sahəsində yeni perspektivlər açaraq, bilik və təcrübə mübadiləsini təşviq etdi, eləcə də gələcək əməkdaşlıqlar üçün möhkəm zəmin yaratdı.