Bakı. Trend:
Dünyanın müxtəlif yerlərində daşınmaz əmlaklar üzrə pay əldə edirik. 500-dən çox daşınmaz əmlak obyektində bizim payımız var.
Trend xəbər verir ki, bunu bu gün ARDNF-nin İnvestisiya departamentinin direktoru Fərhad Zeynalov "ARDNF - nin Media Dialoqu: 2024-cü ilin investisiya yekunları və 2025-ci ilin perspektivləri" mövzusunda keçirilən tədbirdə deyib.
O, Fondun yaranma tarixindən etibarən daşınmaz əmlak investisiyalarından illik 2,9% və ya 1 milyard dollar gəlirlilik əldə edildiyini bildirib: "Portfelin regionlar və sektorlar üzrə bölgüsünün qlobal daşınmaz əmlak indeksinin tərkibinə uyğunlaşdırılması hədəflənir.
Hazırda 4 daşınmaz əmlaka edilən birbaşa investisiyalarımız mövcuddur. Bunlar Moskva, Tokio, Paris və Londonda yerləşir. Biz bu il üzrə də daşınmaz əmlaka investisiyalarımızı davam etdirməyi planlaşdırırıq".
"Həmçinin bir məlumatı da qeyd edim ki, keçən il ərzində qızıl alışlarımızı da bərpa etmişik. İl ərzində təxminən 45 tona yaxın qızıl külçələri alınıb və ötən ilin sonuna ümumi qızıl portfelimiz 147 tona yaxın olmuşdur. Bu il ərzində də qızl alışlarımızı davam etdirəcəyik. Qızılın Fondun investisiya siyasətinin aktiv bölgüsündə 25% paya çatdırılması nəzərdə tutulur", - deyə F. Əhmədov qeyd edib.