Bakı. Trend:
Azərbaycanın kapital bazarlarının beynəlxalq platformalara daha sıx inteqrasiyası, xarici investorların cəlb olunması və beynəlxalq tərəfdaşlıqların gücləndirilməsi prioritet məsələlər sırasındadır.
Trend xəbər verir ki, bunu Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının İdarə Heyətinin sədri Ceyhun Hacıyev bu gün Bakıda keçirilən 12-ci Beynəlxalq "Caspian Investment Forum"unda deyib.
O bildirib ki, sürətlə dəyişən qlobal iqtisadi şəraitdə kapital bazarlarının dayanıqlılığı və rəqabətqabiliyyətliliyi mühüm əhəmiyyət kəsb edir:
"Kapital bazarları yalnız maliyyə institutlarının inkişafı üçün deyil, bütövlükdə ölkə iqtisadiyyatının diversifikasiyası və dayanıqlı böyüməsi üçün əsas sütunlardan biridir. Güclü və rəqabətədavamlı fond bazarları investorlar üçün yeni imkanlar açır, yerli şirkətlərin daha əlverişli şərtlərlə maliyyələşməsinə şərait yaradır və ölkənin qlobal iqtisadiyyata inteqrasiyasını sürətləndirir.
Biz bazar iştirakçıları olaraq, səmərəli və şəffaf ticarət mexanizmlərinin yaradılmasına çalışmalıyıq. Xüsusilə yeni maliyyə alətlərinin tətbiqi və yerli bizneslərin fond bazarlarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində hansı addımların atılacağını müzakirə etmək çox maraqlı olar. Azərbaycanın kapital bazarlarının beynəlxalq platformalara daha sıx inteqrasiyası, xarici investorların cəlb olunması və beynəlxalq tərəfdaşlıqların gücləndirilməsi prioritet məsələlər sırasındadır".
"AFBİA olaraq biz daim kapital bazarlarının inkişafına töhfə vermək, bazar infrastrukturunu təkmilləşdirmək və investorların güvənini artırmaq üçün çalışırıq. Tənzimləyicilər, bazar iştirakçıları və investorlar arasında güclü əməkdaşlıq yaratmaq, şəffaflığı təmin etmək və bazarda rəqabət qabiliyyətini artırmaq əsas prioritetlərimizdəndir", - deyə C.Hacıyev qeyd edib.