Bakı.Trend:
Qadınlar, vətəndaş, ana və öz ölkəsinin nümayəndələri olaraq iqlimlə bağlı çağırışların öhdəsindən gəlinməsində mühüm rol oynayırlar.
Trend xəbər verir ki, bunu Misirin insan haqqları üzrə Milli Şurasının prezidenti, 2009-2011-ci illərdə ölkənin ailə və əhali məsələləri üzrə naziri olmuş Muşira Xəttab Bakı Qlobal Forumu çərçivəsində Bakıda keçirilən “Gender – təhlükəsizlik – iqlim: qarşılıqlı əlaqə" mövzusunda panel müzakirəsində etdiyi çıxışda deyib.
“Sülh və insan haqqlarına, o cümlədən qadın haqqlarına hörmət olmasa, sülh ümumiyyətlə olmayacaq. Qlobal səviyyədə ədalət və insan haqqları sahəsində beynəlxalq qanunlara riayyət olunmasına nəzarət olmasa sülh də olmayacaq”,- deyə Muşira Xəttab bildirib.
O həmçinin bildirib ki, iqlim böhranı dünyanın yaxın keçmişdə üzləşdiyi “COVİD-19” böhranından elə də fərqlənmir.
“Biz qadınların bu böhrandan ciddi şəkildə ziyan çəkdiyini gördük, ancaq məhz qadınlar bu problemin həllinin əsas mühərrikinə çevrildilər və biz bunun öhdəsindən gəldik”, -deyə Muşira Xəttab bildirib.
Onun sözlərinə görə, iqlim böhranının öhdəsindən gəlməyə müvəffəq olmaq üçün qadınların qərar qəbulu proseslərində rəhbər vəzifələr tutması vacibdir.