Bakı. Trend:
Bu gün Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə ilk dəfə olaraq vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi üçün depozit hərracı təşkil edilib.
Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Hərracın nəticələrinə əsasən, vahid xəzinə hesabının 1,0 milyard manat həcmində sərbəst qalığı 4 sistem əhəmiyyətli bankda, 3 ay müddətinə, 7.21% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.
Depozit hərraclarının tətbiqi dövlət büdcəsinə əlavə gəlir formalaşdırmaqla, bank sektorunda likvidliyin artmasına töhfə verəcək.
Maliyyə Nazirliyi bu kimi alətlər vasitəsi ilə dövlət vəsaitlərinin idarə olunmasında yeni yanaşmaların tətbiqini genişləndirməklə, dövlət büdcəsinə əlavə daxilolmaların formalaşdırılması istiqamətində fəaliyyətini davam etdirəcək.