Bakı. Trend:
Cari ilin yanvar-mart aylarında Azərbaycanda hava nəqliyyatı vasitələri ilə 2,124 milyard ABŞ dolları dəyərində 3,2 min ton yük daşınıb.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsi ilə 1,663 milyard ABŞ dolları və ya 4,6 dəfə çox, miqdar ifadəsi ilə 9,1 min ton və ya 3,8 dəfə azdır.
Belə ki, ötən ilin birinci rübündə Azərbaycanda hava nəqliyyatı vasitələri ilə 461,2 milyon ABŞ dolları dəyərində 12,3 min ton yük daşınmışdı.
Hesabat dövründə bu nəqliyyat vasitəsilə Azərbaycandan 85,8 milyon ABŞ dolları dəyərində 209 ton yük ixrac edilib ki, bu da illik müqayisədə dəyər ifadəsi ilə 41,8 milyon ABŞ dolları və ya 95% çox, miqdar ifadəsi ilə 9,2 min ton və ya 45 dəfə azdır.
Ötən ilin müvafiq dövründə bu rəqəmlər 44 milyon ABŞ dolları və 9,4 min ton idi.
Eyni zamanda dövr ərzində hava nəqliyyatı vasitələri ilə Azərbaycana 2,039 milyard ABŞ dolları dəyərində 3 min ton yük idxal edilib. Bu, 2024-cü ilin birinci rübü ilə müqayisədə dəyər ifadəsi ilə 1,622 milyard ABŞ dolları və ya 4,9 dəfə, miqdar ifadəsi ilə 65 ton və ya 2,2% çoxdur.
Ötən ilin yanvar-mart aylarında bu nəqliyyat vasitəsilə Azərbaycana 417,3 milyon ABŞ dolları dəyərində, 2,9 min ton miqdarında yük idxal edilmişdi.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ticarət dövriyyəsi 24,3% artaraq 12 milyard ABŞ dolları təşkil edib.
Məlumata görə, son bir ildə ölkə üzrə ixrac 6,7% və ya 401,75 milyon ABŞ dolları artaraq 6,4 milyard ABŞ dolları, idxal isə əksinə 52,6% və ya 1,9 milyard ABŞ dolları artaraq 5,7 milyard ABŞ dolları təşkil edib.
Hesabat dövründə xarici ticarət dövriyyəsinə 722,9 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 milyard ABŞ dolları və ya 3,1 dəfə azdır.