Bakı. Trend:
Bu ilin birinci rübündə dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4,776 milyard manat təşkil edib.
Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, proqnozla müqayisədə 6,7 milyon manat və ya 0,1 faiz, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 213,4 milyon manat və ya 4,7 faiz çoxdur.
2025-ci ilin 1-ci rübündə dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 24,2 faizi və ya 1,156 milyard manatı vergi orqanlarının xətti ilə daxilolmaların, 75,8 faizi və ya 3,620 milyard manatı Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşür.
Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olmuş neft-qaz gəlirlərinin 49,6 faizi və ya 572,9 milyon manatı Şahdəniz yatağı üzrə mənfəət vergisi, 40,7 faizi və ya 471,1 milyon manatı Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, 9,7 faizi və ya 111,7 milyon manatı ABƏŞ-in mənfəət vergisi hesabına olub.
Qeyd edək ki, bu ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 9,733 milyard manat, xərcləri 8,115 milyard manat olub, 1,618 milyard manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.
Dövlət büdcəsinin gəlirləri 9,562 milyard manat proqnoza qarşı 9,733 milyard manat və yaxud 171,3 milyon manat (1,8 faiz), 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 5,4 faiz və ya 499,2 milyon manat çox icra edilib. Bu cari ilin dövlət büdcəsinin illik gəlirlərinin 25,4 faizinə bərabər olub.
Dövlət büdcəsinin xərcləri 8,115 milyard manat məbləğində icra edilməklə illik dövlət büdcəsi xərclərinin 19,6 faizinə bərabər olub.