Bakı. Trend:
Azərbaycanın dövlət büdcəsinin gəlir və xərclərinin son illər artmasına baxmayaraq Hesablama Palatası tərəfindən həyata keçirilən auditlərin sayının xüsusi dəyişiklik yoxdur. Belə ki, 2022-ci ildə palata tərəfindən 42 audit keçirildiyi halda 2024-cü ildə də eyni zamanda audit aparılıb. Halbuki dövlət büdcəsinin xərcləri 2022-ci ildə 32 milyard 64 milyon manat olsa da, 2024-cü ildə bu rəqəm 39 milyard 742 milyon manatadək yüksəlib. Auditlərin əhatə etdiyi fiskal dövriyyədə də xüsusi dəyişiklik baş verməyib. Bu baxımdan, palata tərəfindən audit müddətinin,seçim meyarlarının ayrıca da təqdim olunması məqsədəuyğundur.
Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Millət vəkili bildirib ki, 2024-cü ildə 6 səmərəlilik auditi keçirilib və onların yarısında qənaətlilik meyarından istifadə edilməyib:
“Səmərəlilik auditin ümumi auditdə payı cəmi 14.3 %, orta müddətli dövr üçün hədəf isə 15.0 faizdir. Səmərlilik auditin sayının az olması nəzarətmexanizmlərinin keyfiyyətinə birbaşa təsir göstərir. Amma hələ də Palata tərəfindən İnformasiya texnologiyası auditinin aparılmasından istifadə olunmur. Halbuki bu auditdən istifadə nəzarətin miqyasının genişləndiriməsinə imkan yarada bilər.
Hesabata əsasən, 2024-cü ildə audit nəticəsində 574.9 milyon manatlıq pozuntu aşkar edilib və büdcəyə 113.3 milyon manat zərər dəyib. Daha məqsədəuyğun olardı ki, büdcəyə dəymiş zərərlər dövlət qurumları üzrə qruplaşdırılsın və ayrıca cədvəl formasında təqdim edilsin. Eyni zamanda, sektorlar üzrə zərərlərin də ayrıca hesablanması məqsədəuyğundur. Palata tərəfindən daha şəffaf və ya az şəffaf qurumların siyahısı hazırlanması da həyata keçirilməsi tövsiyə olunandır”.
Deputat əlavə edib ki, hesabat dövründə 42 audutin böyük əksəriyyəti, yəni 76.0 faizi uyğunluq auditidir.
“Cəmi 4 maliyyə auditi keçirilib. Bu da kənar dövlət nəzarətin əhatə dairəsinə təsirsiz ötüşmür.
Büdcə qanunvericiliyində və dövlət satınalmalarda pozuntu sayının artması müşahidə olunur. Səbəbləri araşdırılmır? “Dövlət Satınalmaları” haqqında Qanunun ötən ildən qüvvəyə minməsi bu pozuntuların sayına necə təsir göstərəcək?
Pozuntuların 35 faizinin mənfəət vergisini əhatə etməsi xərclərin şişirdilməsi yolu ilə mənfəətin azaldılmasından xəbər verir.
2024-cü ildə keçirilən 42 auditin 34-də, yəni 80 faizindən çoxunda büdcə vəsaitlərinin idarəedilməsi üzrə nöqsanlar aşkar edilib. Bu kifayət qədər ciddi rəqəmdir və maliyyə intizamının daha da möhkəmləndirilməsi prioritetləşdirir.
Dövlət satınalmaları üzrə pozuntuların bölgüsündə hesabata əsasən, 57 faizi satınalma keçirilmədən müqavilələrin bağlanmasıdır. Bu əslində o deməkdir ki, hər hansı tender və ya dövlət satınalması olmadan fərdi qərarlar ilə müqavilələr bağlanıb və dövlət vəsaiti istifadə edilib”, - deyə V.Bayramov qeyd edib.