Bakı. Trend:
"Planet Labs"ın peykləri ilə Azərbaycanın aidiyyəti qurumlarının fəaliyyətlərinin dəstəklənməsi istiqamətində danışıqlar aparılır.
Bunu bu gün Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransının (Space Technology Conference (STC2025) ikinci günü çərçivəsində Trend-ə açıqlamasında "Planet" şirkətinin satış şöbəsinin rəhbəri Dieqo Vanelli deyib.
O bildirib ki, ABŞ-nin San-Fransisko şəhərindən qaynaqlanan və bu gün Yer müşahidəsi sahəsində qlobal liderə çevrilmiş "Planet Labs" şirkəti Azərbaycanla əməkdaşlığını davam etdirir: "Hal-hazırda orbitdə 200-dən artıq peykdən ibarət peyk qrupuna sahib olan şirkət bu peyklər vasitəsilə Yer kürəsini hər gün sistemli şəkildə skan edir".
Şirkət nümayəndəsinin bildirdiyinə görə, peyklərlə əldə edilən görüntülər kənd təsərrüfatı, fövqəladə hallar zamanı dəstək və böhranlara cavab tədbirləri daxil olmaqla, müxtəlif sahələrdə istifadə edilir.
“Xüsusilə Azərbaycanda yerli tərəfdaşlar və qurumlarla əməkdaşlıq edərək onların fəaliyyətlərini kosmosda mövcud texnologiyalarımız vasitəsilə dəstəkləyirik,” – deyə şirkət nümayəndəsi bildirib.
Şirkət nümayəndəsinin sözlərinə görə, "Planet Labs" hazırda iki yeni peykin hazırlanması üzərində çalışır və onların tezliklə orbitə buraxılması planlaşdırılır: "Bu peyklərlə də Azərbaycanın aidiyyəti qurumlarının fəaliyyətlərinin dəstəklənməsi istiqamətində danışıqlar aparılır".