Bakı. Trend:
2022-ci ildə yaşıl iqtisadiyyat sektoru təxminən 1,5 trilyon ABŞ dolları dəyərində olub və 2030-cu ilə qədər bu rəqəmin 4 trilyonun üzərində artım göstərəcəyi proqnozlaşdırılır.
Trend xəbər verir ki, bu sözləri Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" konfransında İqtisadiyyat Nazirliyinin Aparatının Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov deyib.
"Beynəlxalq Enerji Agentliyinin məlumatına əsasən, 2025-ci ilə qədər təmiz enerji bazarının həcminin 1,5 trilyon ABŞ dollarına çatması proqnozlaşdırılırdı. Bununla yanaşı, süni intellekt texnologiyasının tətbiqi ilə 2025-ci ilə qədər karbon emissiyalarının izlənilməsi prosesinin 50 faiz daha sürətli və daha dəqiq təqdim olunması proqnozlaşdırılır. Biz bu trendlərdən geri qala bilmərik. Bununla bağlı strateji sənədlər mövcuddur, strateji istiqamətlər müəyyənləşdirilib", - deyə H.Hüseynov əlavə edib.