Bakı. Trend:
2024-cü ilin yekunlarında istehlak kreditlərin həcmi 2023-cü il illə müqayisədə 6 milyard 937 milyon manatdan 8 milyard 445 milyon manatadək yüksəlib.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
Millət vəkili bildirib ki, hazırda 3 milyondan çox vətəndaşın banklara istehlak kreditləri üzrə borcu var:
"Rəsmi statistika göstərir ki, banklardan borclanan vətəndaşlarımızın sayı artır. Bütün bunlarlayanaşı, vaxtı keçmiş kreditlərin həcmi 2024-cü ilin sonuna nisbətdə bu ilin ilk rübündə 449.1 milyon manatdan 481.6 milyon manatadək yüksəlib. Bu o deməkdir ki, son aylar problemli kreditlərin həcmi yüksəlməkdədir və bu daha çox borclu deməkdir.
Oxşar vəziyyət qeyri-işlək kreditlər üzrə müşahidə olunur. Belə ki, 2024-cü il ərzində qeyri-işlək portfelin həcmi mütləq ifadədə 6.7 faiz və ya 41 milyon manat artaraq 655 milyon manat təşkil edib. Bu məbləğin 246 milyon manatı istehlak kreditləridir, yəni fiziki şəxslərin payına düşür. 375 milyon manatlıq biznes kreditləri isə qeyri-işləkdir.
Mərkəzi Bankın məlumatına görə, iqtisadi fəal əhali üzrə, adambaşına 13.8 min manata bank borcu var. Əgər 5 il öncə əhalinin borc yükünün sərəncamda qalan gəlirlərinə nisbəti 11.5 faiz idisə bu göstərici ötən ilin sonunda 18 faizədək yüksəlib".
Deputat qeyd edib ki, problemli kreditlərin, həm də qeyri-işlək kreditlərin həcmilərində artımlar var.
"Nisbətən az kredit borcu olan vətəndaşlarımız üçün bu qadağaların müəyyənləşdirilməsini tövsiyə olunandır. Məsələn, cəmi 200 manatadək kredit borcu olan vətəndaşların ölkədən çıxışının məhdudlaşdırılması problemli kreditlərin həcminin azalmasına səbəb olacağı inandırıcı deyil. Əksinə, bu sahədə təşviq kiçik borcların daha qısa zamanda qaytarılmasına səbəb ola bilər.
Bütövlükdə, problemli kreditlərinin həcminin artdığını nəzərə alaraq müzakirə etdiyimiz dəyişiklikdə fiziki şəxslər üzrə təşviq, hüquqi şəxslər üzrə isə inzibati meyarların dairəsinin genişləndirilməsini təklif edərdim", - deyə V.Bayramov əlavə edib.