Bakı. Trend:
ABŞ rüsumlarının Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinə birbaşa təsiri nisbi-məhdud olacaq.
Bunu Trend-in sualına cavab olaraq Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və Mərkəzi Asiya departamentinin direktor müavini Tanos Arvanitis BFV-nun Özbəkistan Mərkəzi Bankında keçirilən dəyirmi masa çərçivəsində bildirib.
“Məlum məsələdir ki, aprel ayından bəri müşahidə olunan ticarət gərginliyi əhəmiyyətli qeyri-müəyyənlik yaradıb. ABŞ rüsumlarının Cənubi Qafqaz ölkələrinə birbaşa təsiri məhdud olacaq, belə ki, onların ABŞ-yə ixrac həcmi nisbətən kiçikdir, enerji resursları – neft və qaza isə bu rüsumlar şamil olunmur. Beləcə, həmin ölkələrdən ABŞ-yə ixracat , neft və qazı çıxmaq şərtilə, son dərəcə azdır və 10 faizlik əsas rüsum regionun iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsir göstərməyəcək”, -deyə o qeyd edib.
Arvanitisin sözlərinə görə, ölkələr gərək üç əsas kanalla üzə çıxacaq birbaşa fəsadları da nəzərə almalıdırlar.
“Birincisi, ticarət gərginliyi qlobal iqtisadi artım templərinə təsir edəcək. Bu isə öz növbəsində, Cənubi Qafqaz və Mərkəzi Asiyanın əsas ticarət tərəfdaşları olan ölkələrdəki artıma təsir göstərəcək. Həmin ölkələrin iqtisadiyyatındakı ləngimə region ölkələrinə də təsir edəcək. İkinci kanal maliyyə volatilliyi ilə bağlıdır. Maliyyə bazarları hələ qeyri-sabit qalmaqdadır. Ölkələrin diqqət yetirməli olduğu risklərdən biri də borclanma xərclərinin artmasıdır. İnkişaf etməkdə olan bazarlar, o cümlədən bu region ölkələri üçün borc spredləri artıb. Nəticə etibarı ilə , artan qeyri-müəyyənlik bu ölkələrə maliyyə bazarları vasitəsilə təsir edəcək”, – BVF nümayəndəsi vurğulayıb.
O əlavə edib ki, üçüncü təsir kanalı əmtəə qiymətlərinin dəyişkənliyi olacaq.
“Biz artıq bu hadisələri müşahidə edirik. Bu ilin əvvəlindən neftin qiyməti təxminən 15 faiz azalıb. Bu azalma region ölkələrinə onların neft idxalçısı və ya ixracatçısı olmasından asılı olaraq fərqli təsir göstərəcək. Şübhəsiz ki, bu, neft idxal edən ölkələr üçün əlverişli olacaq, lakin neft ixrac edənlərə mənfi təsir edəcək. Digər tərəfdən, bəzi digər əmtəələrin, xüsusilə də tarixi maksimumlara çatan qızılın qiyməti artır. Beləliklə, qızıl hasil edən ölkələr, o cümlədən Özbəkistan və regionun bir sıra digər dövlətləri bu metalın yüksək qiymətlərindən faydalanacaqlar. Buna görə də yalnız rüsumların birbaşa təsirini deyil, həm də müxtəlif kanallar vasitəsilə dolayı təsirlərini nəzərə almaq vacibdir ki, region ölkələri üçün mümkün nəticələri hərtərəfli dəyərləndirmək mümkün olsun”,- deyə Arvanitis qeyd edib.
Bununla yanaşı, o, ticarət məsələləri üzrə danışıqların davam etdiyini və ölkələrin qeyri-müəyyənliyin azaldılması və daha dayanıqlı, uzunmüddətli həll yollarının tapılması istiqamətində müzakirələrin aparıldığını diqqətə çatdırıb.