Bakı. Trend:
Avstriyanın suvarma avadanlıqları texnikası istehsalçısı Azərbaycanla əməkdaşlıq imkanlarını nəzərdən keçirir.
Bunu Bakıda keçirilən sayca 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 30-cu yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan") çərçivəsində Trend-ə açıqlamasında Avstriyanın "Bauer" şirkətinin nümayəndəsi Bojan Seles məlumat verib.
O, əvvəlcə təmsil etdiyi şirkət barədə məlumat verib:
"Biz burada Avstriya şirkətini təmsil edirik. Belə ki, biz suvarma avadanlıqları və müxtəlif heyvanların peyinindən istifadə üçün texnikalar istehsal edirik.
Bakıda keçirilən 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisinə ilk dəfə qatıldıqlarını bildirən şirkət nümayəndəsi qeyd edib ki, bu sərgi vasitəsilə texnikalarını təqdim edib satmaq üçün tərəfdaşlar axtarırlar:
"Həmçinin, burada yerli şirkətlərlə də əməkdaşlığa açığıq. Çünki bu, bugünkü və gələcək iqlim şəraiti üçün çox vacibdir. Ona görə ki, insanlar, xüsusilə fermerlər bilirlər ki, iqlim hər gün daha da dəyişir".
"Belə olan halda yüksək məhsuldarlıq əldə etmək də çox mürəkkəb və çətin bir vəziyyətə düşür. Biz isə texnikalarımızla sahələrin suvarılması ilə məhsuldarlığın artırılmasına kömək edə bilərik", - B.Seles əlavə edib.