Tirana. Trend:
Albaniya SOCAR ilə yeni layihələri müzakirə edir.
Trend-in cümə axşamı verdiyi məlumata görə, bunu Albaniyanın infrastruktur və energetika nazirinin müavini Şeno Klosi mayın 16-da Tiranada keçiriləcək Avropa Siyasi Birliyinin VI Sammiti ərəfəsində jurnalistlərə deyib.
"Albaniyanın qazlaşdırılması bizim üçün böyük əhəmiyyət kəsb edir. Bizim Azərbaycanla çox yaxşı əməkdaşlığımız var, lakin təbii ki, indiki mərhələdə biz Azərbaycandan verdiyimizdən daha çox alırıq. Amma gələcəkdə təbii ki, daha bərabər mübadilə üçün çalışacağıq.
Hazırda biz qaz sənayesinin necə işlədiyini anlamağa çalışırıq və buna görə də Korça şəhərinin qazlaşdırılması üzrə pilot layihədən bir növ sınaq kimi – həm qanunvericiliyimiz, həm də Albaniyada qazlaşdırma sahəsində tənzimləmə üçün istifadə edirik”, - deyə o bildirib.
Belə ki, nazir müavininin dediyi kimi, Albaniya qazın ölkədə tamhüquqlu enerji mənbəyinə çevrilə biləcəyini nəhayət təsdiqləmək üçün bu layihəni müxtəlif istiqamətlərdə nəzərdən keçirir.
“Bu layihə ilə paralel olaraq, biz hazırda SOCAR ilə qazlaşdırmanın digər mümkün sahələrini müzakirə edirik, çünki dediyim kimi, bu layihə kiçikdir və biz, əlbəttə ki, bununla kifayətlənməyəcəyik, lakin artıq yeni sahələr axtarırıq. Məsələn, Vlorada bizim başqa çıxış nöqtəmiz var - bu, hazırda turizm məkanı kimi fəal şəkildə inkişaf edən sahil zonasıdır və orada qaza tələbat yüksək olacaq. Biz həmçinin SOCAR-la qaz elektrik stansiyaları ilə bağlı bir sıra layihələri öyrənirik”.
Nazir müavini qeyd edib ki, hazırkı plan TAP qaz kəmərindən qaz və metanın tədarükü üçün istifadə etməkdir.
“Korçanın qazlaşdırılması layihəsi ilk layihədir, lakin təbii ki, biz artıq neft hasilatı, yuxarı və aşağı axın sektorları kimi əməkdaşlığın digər sahələri üzrə danışıqlar aparırıq, çünki bu sahədə başqa strateji tərəfdaşlarımız var. Biz Azərbaycanı bu sahədə böyük təcrübəyə malik ölkə kimi görürük.
Hazırda biz həm neft hasilatı, həm də gələcəkdə onun emalı üçün imkanlar axtarırıq. Təbii ki, biz belə müzakirələrin ilkin mərhələsindəyik”, - deyə o bildirib.