Bakı. Trend:
PwC Azərbaycan 22-23 may tarixlərində maliyyə və hesabatlılıq ekspertləri üçün ümumi təlim sessiyası keçirərək, BMHS və dayanıqlı inkişaf üzrə məsləhət xidmətləri sahəsində lider mövqeyini bir daha təsdiq edib. Təlim PwC Macarıstan ofisinin partnyoru və Mərkəzi-Şərqi Avropa və Avrasiya (CEE) regionu üzrə BMHS və Dayanıqlı İnkişaf Hesabatlılığı sahəsində Texniki Partnyor cənab Gabor Balazs tərəfindən aparılıb. Cənab Balazs, PwC şəbəkəsi daxilində mürəkkəb texniki məsələlərin həlli sahəsində 20 ildən artıq beynəlxalq təcrübəyə malik olan ekspertdir.
Bu eksklüziv tədbir 2025-ci il üzrə BMHS-yə dair yeniliklər və təkmilləşdirilmiş qlobal dayanıqlı inkişaf standartlarını təhlil etmək məqsədilə şirkətlərin maliyyə rəhbərlərini bir araya gətirib. Cənab Balazsın dərin texniki biliklərindən faydalanaraq iştirakçılar aşağıdakı əsas mövzular ətrafında müzakirələrdə iştirak ediblər:
BMHS sahəsində yeniliklər və texniki biliklər
- BMHS 18: Maliyyə hesabatlarında məlumatların təqdimatı və açıqlanması;
- BMHS 19: İctimai hesabatlılıq öhdəliyi olmayan törəmə müəssisələr – Məlumat açıqlamaları;
- BMHS 8: Seqment hesabatlılığı və BMHŞK-nin gündəliyində olan müvafiq qərarlar;
- Əsas standartlara edilmiş dəyişikliklər, IFRIC şərhləri və IASB-nin təkmilləşdirilmiş iş planı;
- Likvidlik açıqlamaları, ədalətli dəyər təsnifatları və gəlir bölgüsü haqqında praktiki anlayışlar.
Dayanıqlı inkişaf hesabatlılığı sahəsində yeniliklər
Təlimin ikinci günü cənab Balazs maliyyə və qeyri-maliyyə hesabatlılığının inteqrasiyasına dair müzakirələr aparıb və aşağıdakı mövzulara toxunub:
- IASB-nin iqlim riskləri ilə bağlı açıqlamaları;
- BMS 37 və iqlimlə bağlı ehtiyatların hesablanması;
- CSRD, ISSB standartları, Aİ Taksonomiyası və Omnibus Direktivi üzrə son yeniliklər.
PwC Azərbaycanın Audit üzrə Baş Meneceri Sevinc İmanova iştirakçılara təşəkkürünü bildirərək PwC-nin 149-dan çox ofisinin geniş yerli və beynəlxalq təcrübəsi ilə dəstəklənən ESG xidmətləri haqqında məlumat paylaşıb.
Transformativ dəyişikliklər üçün etibarlı tərəfdaş
Azərbaycanda BMHS-nin tətbiqi və audit sahəsində 30 ildən çox təcrübəsi olan PwC bazarda etibarlı lider kimi tanınır. Biz yerli təcrübəmizi və qlobal şəbəkəmizin gücünü birləşdirərək, müştərilərimizə yüksək keyfiyyətli və gələcək yönümlü hesabatlılıq vasitəsilə standartlara uyğunluğu təmin etmək və dəyəri artırmaq imkanı yaradırıq.
PwC qabaqcıl alətlər və ESG ekspertlərinin qlobal şəbəkəsindən istifadə edərək, dayanıqlı inkişaf sahəsində geniş spektrli xidmətlər təqdim edir və müştərilərə Korporativ Davamlılıq Hesabatı Direktivini (CSRD) başa düşmək, Beynəlxalq Davamlılıq Standartları Şurası (ISSB) çərçivələrini inteqrasiya etmək, habelə iqlim riskləri ilə bağlı tələblərə əməl etməkdə qabaqcıl təcrübələr və praktik strategiyalar vasitəsilə kömək edir.
"PwC-də biz sadəcə standartlara riayət etmirik - onların formalaşmasına kömək edirik. Bu cür eksklüziv sessiyalar vasitəsilə biz müştərilərimizə yeniliklər, şərhlər və təsir yönümlü həllər barədə erkən məlumat əldə etmək imkanı yaradırıq" deyə PwC Azərbaycanın Audit Praktikasının rəhbəri və partnyoru cənab Fəxri Mustafayev bildirib.
PwC haqqında məlumat:
PwC, müştərilərinə etimad yaratmaq və kompleksliyi rəqabət üstünlüyünə çevirmək üçün innovasiyalar həyata keçirməyə kömək edir. Biz audit və əminlik, vergi və hüquq, kapital bazarlarında əməliyyatlar və konsaltinq kimi sahələrdə dinamikanın yaradılması, artırılması və saxlanmasına töhfə verən, 149 ölkədə 370,000-dən çox peşəkardan ibarət texnoloji cəhətdən inkişaf etmiş bir şəbəkəyik. PwC Azərbaycan-da 150-dən çox peşəkar müştərilərimizə yeni ideyalar və praktiki tövsiyələr vermək üçün öz fikirlərini, dəyərlərini, təcrübələrini və həll yollarını təklif edir.