Bakı. Trend:
Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən ümumilikdə 27.552 şəxs qəbul edilib.
Bu barədə Trend Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 37.784 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,1 faiz çoxdur.
Qeyd eidlib ki, ümumi xidmətlərin 86 faizini 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:
Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
Asanİmza sertifikatının verilməsi;
Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
Vergi ödəyicisinə arayışların verilməsi;
Vergi ödəyicisinin fəaliyyətinin bərpası;
Fiziki şəxsin uçotdan çıxarılması;
Əmək müqaviləsi üzrə elektron informasiya sistemində aparılan
əməliyyatlar.
"Yanvar-iyul aylarında vergi ödəyicilərinə 662.075 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 69 görüş keçirilib, 277 sayda ünvanlı xidmət göstərilib. Həmin dövrdə 2.082 müraciət üzrə 3.700 Asan İmza sertifikatı verilib", - məlumatda bildirilib.