Bakı. Trend:
Bu ilin birinci yarımili ərzində dövlət istiqrazları üzrə orta ödəniş müddətinin uzadılması, təkrar maliyyələşdirmə həcmlərinin hamarlaşdırılması, habelə dövlət istiqrazları üzrə faiz xərclərinin azaldılması istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsinə başlanılıb.
Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, həyata keçirilən tədbirlər nəticəsində 2025-ci ilin dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərində qənaətin formalaşması proqnozlaşdırılır.
Məlumata görə, 2026-cı ilin 1 yanvar tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcunun 4.9 milyard ABŞ dolları, daxili dövlət borcunun isə20.1 milyard manat olmaqla ümumi dövlət borcunun 28.4 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır.
2026-cı ilin 1 yanvar tarixinə xarici dövlət borcunun 57,2 faizinin 5 ilədək, 35,4 faizinin 5-10 il ərzində, 7,4 faizinin isə10 ildən artıq müddətə kreditorlara ödənilməsi gözlənilir. Xarici dövlət borcu üzrə yeni cəlb olunacaq borc öhdəliklərinin təqribən müvafiq istinad dərəcəsi üstəgəl 0,5-1,5 faiz dərəcəsi (marja) ilə cəlb olunması nəzərdə tutulur.
2026-cı ilin 1 yanvar tarixinə daxili dövlət borcunun 55,7 faizini daxili maliyyə bazarlarında emissiya olunmuş dövlət istiqrazlarının təşkil etməsi proqnozlaşdırılır. İlin sonuna dövriyyədə olan dövlət istiqrazlarının 14,9 faizi 1 illik, 57,0 faizi 2-3 illik, 30,0 faizi isə5-il və daha artıq istiqrazların payına düşməsi proqnozlaşdırılır.