Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 10-da keçiriləcək iclasda uçot dərəcəsini 7 faiz civarında saxlayacağı gözlənilir.
Trend bu barədə Niderlandın ING şirkətinə istinadən xəbər verir.
Qeyd olunur ki, son iclasdan bəri inflyasiya artımı zəifləyərək iyul ayının yekunlarına görə illik ifadədə 4,9 faizə düşüb ki, bu da ilin sonu üçün müəyyən edilmiş 4±2 faiz hədəf diapazonuna uyğundur. Bununla yanaşı, 2025-ci ilin 7 ayı üzrə ÜDM-in cəmi 0,9 faiz artımı, iyul ayında isə 2,3 faiz azalması, həmçinin istehsalçı qiymətlərinin artım tempinin zəifləməsi nəzərə alınaraq uçot dərəcəsinin daha da azaldılmasının müzakirə olunması ehtimalı da istisna edilmir.
“Lakin ticarət profisitinin azalması və bank kreditləşməsinin artım tempinin maliyyələşməni qabaqlamaqda davam etməsi daha yüksək real faiz dərəcələrinin saxlanılmasının zəruriliyinə işarə vurur. AMB-nin şərhlərinin isə, böyük ehtimalla, valyuta bazarındakı axınlara yönələcəyi gözlənilir”,-deyə məlumatda deyilir.
Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0,25 faiz bəndi azaldılıb. Uçot dərəcəsi 7 faiz, faiz dəhlizinin aşağı həddi 6 faiz, yuxarı həddi isə 8 faiz səviyyəsində müəyyən edilib.
Bundan əlavə, qərar faktiki inflyasiyanın proqnozlaşdırılan inflyasiya trayektoriyasına uyğunluğu və onun hədəf göstərici (4±2 faiz) ilə müqayisəsi, qlobal iqtisadi proseslər, daxili makroiqtisadi vəziyyət, valyuta bazarında davam edən sabitlik, həmçinin pul-kredit siyasəti qərarlarının transmissiya mexanizmi nəzərə alınaraq qəbul edilib.