Bakı. Trend:
“Transxəzər beynəlxalq nəqliyyat marşrutu” (TBNM) assosasiyasının ofisində Yaponiyanın “Japan Center for International Finance” (JCIF) beynəlxalq maliyyə mərkəzinin nümayəndəsi, Mərkəzi Asiya bölməsinin Strateji planlaşdırma və idarəetmə departamentinin layihələr üzrə baş əlaqələndiricisi Akemi Kitamura ilə işgüzar görüş keçirilib.
Trend bu barədə TBNM saytına istinadla xəbər verir.
Səfər TBNM assosasiyasının cari fəaliyyəti, marşrutun logistika zəncirləri, eləcə də onun dinamik inkişafını təmin edən əsas faktorlarla tanışlıq məqsədi daşıyıb.
JCIF nümayəndəsi TBNM-in (Orta Dəhliz) beynəlxalq investorlar və dövlət qurumları üçün perspektivli əməkdaşlıq layihələri kontekstində əhəmiyyətini vurğulayaraq bildirib ki, Mərkəz hər il beynəlxalq maliyyə, iqtisadiyyat və maliyyə bazarlarının tənzimlənməsi məsələləri üzrə analitik hesabatlar dərc edir.
Görüş zamanı tərəflər daşımaların dinamikasını, marşrutun rəqabət qabiliyyətinin artırılmasını, infrastruktur layihələrinin reallaşdırılmasını və məhdudlaşdırıcı amillərin aradan qaldırılmasını müzakirə ediblər. Qeyd olunub ki, TBNM-ə üzv ölkələrin infrastruktur təşəbbüsləri daşımaların davamlı artımını təmin etməyə yönəlib. Qarşıdakı illərdə yeni liman və dəmir yolu obyektlərinin istismara verilməsi, əsas qovşaqların buraxılış qabiliyyətinin genişləndirilməsi və prosedurların rəqəmsallaşdırılması hesabına daşımaların həcminin daha da artacağı proqnozlaşdırılır.
Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.
