Bakı. Trend:
Bu ilin yanvar-avqust aylarında Azərbaycanla Amerika Birləşmiş Ştatları (ABŞ) arasında ticarət əməliyyatlarının həcmi 799,6 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 36,7 milyon ABŞ dolları və ya 4,8% çoxdur.
Hesabat dövründə ABŞ ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 2,49%-i həcmində olub. Bununla da ABŞ hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 7-ci pillədə qərarlaşıb.
Cari ilin yanvar-avqust aylarında Azərbaycandan Amerika Birləşmiş Ştatlarına 45,2 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 64,2 milyon ABŞ dolları və ya 58,7% azdır.
Dövr ərzində Azərbaycandan sözügedən ölkəyə ümumi ixracın 44,6 milyon ABŞ dollarlıq hissəsini qeyri-neft məhsullarının ixracı təşkil edib ki, bu da ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 64,5 milyon ABŞ dolları və ya 59,1% azdır.
Eyni zamanda, hesabat dövründə ABŞ-dən Azərbaycana 754,3 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 101 milyon ABŞ dolları və ya 15,4% artım deməkdir. Bununla da hesabat dövründə ABŞ Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr sırasında 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 32,118 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,123 milyard ABŞ dolları və ya 3,6% çoxdur.
Xarici ticarət dövriyyəsinin 17,065 milyard ABŞ dolları ixracın, 15,053 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 1,166 milyard ABŞ dolları və ya 6,4% azalıb, idxal isə 2,290 milyard ABŞ dolları və ya 17,9% artıb.
Son nəticədə xarici ticarətdə 2,013 milyard dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 3,455 milyard ABŞ dolları və ya 2,7 dəfə azdır.