Bakı. Trend:
Azərbaycan "Masdar" üçün qlobal səviyyədə prioritet istiqamətlərdən biridir.
Trend xəbər verir ki, bunu “Masdar” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Murad Sadıqov Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) çıxışı zamanı bildirib.
O vurğulayıb ki, "Masdar" Azərbaycanda həm bərpa olunan enerji mühitini yaxşılaşdırdı, həm də hökumətə müəyyən tövsiyələr verərək yerli qanunvericiliyin investorlar üçün daha cəlbedici olmasına kömək etdi: "Bizim layihəmiz yerli qanunvericilik çərçivəsində maliyyələşdirilən ilk layihə oldu. Neft-qaz sektoruna baxdıqda isə, böyük əksər müqavilələr istehsal paylaşımı sazişləri əsasında həyata keçirilir ki, bu da ayrı bir hüquqi çərçivədir. Azərbaycan hökumətinin bizə verdiyi tapşırıq yalnız investisiya qoymaq deyil, həm də sistemi hər kəs üçün uyğunlaşdırmaq idi və biz bunu uğurla həyata keçirdik".
"İndi deyə bilərik ki, biz yaxşı bir nümunə yaratdıq və bu gün bərpa olunan enerji sahəsindəki əksər investisiyalar, Energetika Nazirliyi və yerli ekspertlərlə birgə hazırladığımız şablonlardan istifadə edir. Bununla yanaşı, SOCAR və "SOCAR Green" kimi yerli tərəfdaşlarımıza da təşəkkür etmək istəyirəm. "SOCAR Green" əslində yeni nəsil şirkət olub, enerji sahəsində ümumi yanaşmanı və diqqəti dəyişəcək.
Hökumət eyni zamanda xalqın enerji ilə bağlı davranışını dəyişmək üçün də bir çox işlər görür. Nəqliyyat sektoruna gətirilən innovasiyalar, məsələn, elektrik nəqliyyat vasitələrinə xüsusi üstünlüklər və bərpa olunan enerjinin təşviqi bu baxımdan çox önəmlidir. Bu, açıq fikirli yanaşma olmadan mümkün olmayan birgə səydir. Bu səbəbdən Azərbaycan "Masdar" üçün qlobal səviyyədə prioritet istiqamətlərdən biridir", - M. Sadıqov qeyd edib.