...

SOCAR Avropa İttifaqını uzunmüddətli qaz tədarükləri üzrə zəmanətlərə səsləyib

İqtisadiyyat Materials 2 Oktyabr 2025 10:15 (UTC +04:00)
SOCAR Avropa İttifaqını uzunmüddətli qaz tədarükləri üzrə zəmanətlərə səsləyib
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli dərəcədə töhfə verib.

Trend xəbər verir ki, bunu SOCAR prezidenti Rövşən Nəcəf Astanada keçirilən KAZENERGY Avrasiya Forumunun açılışında etdiyi çıxışda deyib.

“Biz Avropaya qaz tədarükünü təxminən 60 faiz artırmışıq və bunun üçün nə Avropa, nə də Avropa İttifaqının vəsaitlərindən istifadə etməmişik. Lakin bu tədarüklərin sabitliyini təmin etmək və həcmləri artırmaq üçün qaz kəmərini genişləndirmək lazımdır. Bunun üçün isə bizə Avropa alıcıları tərəfindən uzunmüddətli müqavilələrin zəmanəti, həmçinin Avropa İttifaqı və Avropanın maliyyə institutlarının bu layihələrin maliyyələşdirilməsinə dəstəyi lazımdır”, – deyə o bildirib.

R.Nəcəf Avropanın qazla bağlı mövqeyindəki qeyri-müəyyənliyə diqqət çəkib:

“Bildirilir ki, qaza ehtiyac var, lakin bəziləri 2030-cu ilə qədər deyir, digərləri isə bəlkə 2035-ə qədər. Əgər dəqiq zəmanətlər yoxdursa, biz karbohidrogen hasilatı layihələrini maliyyələşdirə bilmərik. Bu sahədə investisiyalar bir illik tədarük üçün edilmir. Qaz sənayesi hasilata sərmayə qoymaq və qaz tədarükünü təmin etmək üçün uzunmüddətli müqavilələr tələb edir”.

SOCAR prezidenti Avropadan qarşılıqlı addımların atılacağı təqdirdə şirkətin ixrac həcmlərini artırmağa hazır olduğunu təsdiqləyib:

“Biz Avropaya qaz tədarükünü artırmağa hazırıq, amma bunun şərti avropalı tərəfdaşlarımızın əməkdaşlıq etməsidir. İlk növbədə – bu, uzunmüddətli müqavilələrdir. İkincisi – infrastrukturun genişləndirilməsinə birgə investisiyalar qoyulmalıdır”.

O, Avropanın əvvəlki müraciətlərini xatırladaraq vurğulayıb:

“Təxminən üç il əvvəl avropalı tərəfdaşlarımız bizdən qaz tədarükünü artırmağı xahiş etdilər. Biz isə ixracı ikiqat artırmağa razılaşdıq, amma qaz kəmərlərinin və infrastrukturun genişləndirilməsinin maliyyələşdirilməsində dəstək göstərilməsi şərti ilə. Axı mövcud infrastruktur – Cənub Qaz Dəhlizi – Azərbaycan və onun tərəfdaşlarının hesabına tikilib. Biz bu layihənin icrası ilə bağlı bütün riskləri öz üzərimizə götürdük və 2022-ci ilə qədər onun genişləndirilməsi məsələsini gündəmə gətirməmişdik. Biz öz işimizi görür və qaz ixrac edirdik. Lakin Avropa bizdən daha çox tələb edəndə, bu, onlar üçün son dərəcə kritik bir məqam idi”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti