Bakı. Trend:
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində (RİNN) yaradılan İnformasiya-kommunikasiya texnologiyalarının standartlaşdırılması üzrə Texniki Komitənin (TK-05) növbəti iclası keçirilib.
İclasda 2025-ci il üzrə Fəaliyyət Planına uyğun görülən işlər və həlli vacib məsələlər müzakirə edilib. Sahə üzrə aktual hesab edilən yeni 10 milli standart layihəsinin təsdiq olunması üçün Azərbaycan Standartlaşma İnstitutuna göndərilməsi qərara alınıb.
Həmçinin “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023 – 2025-ci illər üçün Dövlət Proqramı”nda Texniki Komitənin üzərinə düşən vəzifələr üzrə görülən işlər nəzərdən keçirilib.
İclasda Texniki Komitənin üzvü olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası, “AzInTelecom” MMC-nin nümayəndələri iştirak ediblər.