Bakı. Trend:
Bank olmayan kredit təşkilatı (BOKT) sektorunun kredit portfelinin keyfiyyəti qeyri-işlək kreditlər (QİK) portfelinin artımı fonunda pisləşib.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankın (AMB) istinadən xəbər verir.
Məlumata əsasən, ötən ilin sonu ilə müqayisədə 2025-ci ilin ilk yarımilində sektorun qeyri-işlək kredit portfeli 14% artaraq 128.8 milyon manat təşkil edib. Bildirilib ki, yarımil ərzində QİK əmsalı isə 1.9 faiz bəndi artaraq 15.9% olub. QİK əmsalı artımını şərtləndirən əsas amil istehlak kreditləri olub. Belə ki, QİK portfeli istehlak kreditləri üzrə 5 faiz bəndi artaraq 20.8%, biznes kreditləri üzrə 2.8 f.b azalaraq 9.7% təşkil edib.
Aparılan təhlillərə əsasən, istehlak kreditlərində QİK əmsalının artımının mütləq əksəriyyəti gündəlik (qısamüddətli) kreditlər hesabına olub. Yenilənmiş prudensial tələblərlə gündəlik kreditlər üzrə anlayış, məbləğ, müddət və gündəlik faiz dərəcəsi üzrə maksimal hədlər, habelə bu cür kreditlər üzrə daha sərt prudensial normativlər müəyyən edilib. Belə ki, prudensial normativlərdə gündəlik kreditlərin yalnız milli valyutada verilməsi, gündəlik faiz dərəcəsinin ən çox 0.3%, qaytarılma müddətinin maksimum 45 gün, borcalana birdəfəlik kreditin maksimal məbləğinin isə 500 manat olması müəyyənləşdirilib. Yeni requlyativ tələblər BOKT-lərin məsuliyyətli kreditləşmə təcrübəsini təşviq etməklə yanaşı, istehlakçının ödəmə qabiliyyətinə uyğun borclanmanın təmin olunmasına xidmət edəcək. Bu yanaşma əhalinin maliyyə yükünün izafi artmasının qarşısını almaqla sosial risklərin minimuma endirilməsini hədəfləyir. Mərkəzi Bank BOKT sektorunda gedən cari prosesləri, eləcə də dünyada bu sahədə qabaqcıl ölkələrin təcrübələrini diqqətdə saxlamaqla bu istiqamət üzrə təkmilləşdirmə fəaliyyətini davam etdirəcək.