Qəbələ. Trend:
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində Kibertəhlükəsizlik Şurasının yaradılması təşəbbüsü ilə çıxış edib.
Trend xəbər verir ki, o, bu barədə Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib.
Tokayev türk ölkələri arasında təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayaraq qeyd edib ki, müasir dövrün çağırışları sistemli və kollektiv yanaşma tələb edir.
“Türk Dövlətləri Təşkilatı çərçivəsində Kibertəhlükəsizlik Şurasının yaradılmasını təklif edirəm”, – deyə prezident bildirib və bu addımın region dövlətlərinin kibertəhdidlərə qarşı dayanıqlığını artıracağına, həmçinin kritik infrastrukturun mühafizəsini gücləndirəcəyinə diqqət çəkib.
Dövlət başçısı həmçinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) türk dövlətləri məkanında sabitliyin, təhlükəsizliyin və sülhün möhkəmlənməsindəki rolunu yüksək qiymətləndirib.
“Azərbaycan tərəfinə və bütün türk ölkələrinə CICA-nın tamhüquqlu beynəlxalq təşkilata çevrilməsi prosesinə verdikləri dəstəyə görə təşəkkürümü bildirirəm. Türk dövlətlərini birləşdirən ortaq məqsəd təhlükəsizliyin möhkəmləndirilməsi və terrorizmə qarşı mübarizədir və bu istiqamətdə biz səmərəli əməkdaşlıq qurmuşuq”, - Tokayev vurğulayıb.