Bakı. Trend:
Azərbaycan Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun 2029-cu il illik toplantısına ev sahibliyi etmək üçün qısa siyahıya daxil edilib.
Trend xəbər verir ki, bunu maliyyə nazirinin birinci müavini Anar Kərimov II Azərbaycan Halal Biznes (AZHAB) Forumunda bildirib.
O vurğulayıb ki, Azərbaycan builin dekabr ayında bu məqsədlə qiymətləndirmə missiyasını qəbul edəcək: "İslam İnkişaf Bankı Qrupu, Dünya Bankı və AİB ilə əməkdaşlığımız genişlənir. Gələn il İslam İnkişaf Bankının illik toplantısına Azərbaycan ev sahibliyi edəcək. Bu da halal sertifikatlaşdırılması və İslam maliyyəsi mövzularını diqqətdə saxlamaq üçün mühüm fürsət yaradır".
Nazir müavini qeyd edib ki,Azərbaycan və etik idarəçilik bir-birini tamamlayır: "Yenilik və məsuliyyət birləşdikdə biz yalnız güclü deyil, həm də etibarlı sistemlər qururuq.
İslam maliyyəsi, halal biznes və sağlam fiskal siyasət – hamısı ədalətli, dayanıqlı və inklüziv rifah yaratmaq məqsədini bölüşür".