Bakı. Trend:
Özbəkistan Azərbaycanla kiçik və orta biznes (KOB) sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirir.
Bunu Trend-ə Özbəkistanın İqtisadiyyat və Maliyyə Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı üzrə Dövlət Siyasətinin Təhlili, Dəstəklənməsi və Koordinasiyası Departamentinin direktoru Timur Xusanov Asiya İnkişaf Bankının (AİB) “Asiyada kiçik və orta biznesin monitorinqi 2025” (ASM 2025) hesabatının Bakıdakı təqdimatına həsr olunmuş seminar çərçivəsində deyib.
O qeyd edib ki, Özbəkistan AİB-in, beynəlxalq maliyyə institutlarının və təşkilatların dəstəyi ilə 2030-cu ilədək KOB-un inkişaf strategiyasını hazırlayıb.
“AİB bizə birbaşa dəstək göstərib, bu iş çərçivəsində bir neçə böyük dairəvi masa müzakirələri keçirilib. Həmin müzakirələrdə AİB, Dünya Bankı, respublikada təmsil olunan beynəlxalq maliyyə institutlarının nümayəndələri, eləcə də müxtəlif inkişaf təşkilatları iştirak ediblər”,- deyə T.Xusanov bildirib.
Onun sözlərinə görə, Strategiyanın əsas prioritet istiqamətlərindən biri xarici bazarlara çıxışın təmin edilməsidir.
“Bu proses, adətən, ikitərəfli xarakter daşıyır. Bu baxımdan Azərbaycan bizim üçün yaxın mentalitetə malik, qardaş ölkədir və uzunmüddətli iqtisadi əlaqələrimiz mövcuddur. Buna görə də biz bu istiqamətdə əməkdaşlığın inkişafını vacib hesab edirik. Strategiyada ölkə daxilində KOB-un inkişafı ilə yanaşı, sürətlə inkişaf edən biznes nümayəndələrinin xarici bazarlara çıxışına dəstək tədbirləri də nəzərdə tutulur”, - deyə o əlavə edib.
