Bakı. Trend:
“AzerGold" Zod qızıl yatağında genişmiqyaslı geoloji tədqiqat işləri aparır.
Bunu Trend-in sorğusuna cavab olaraq "AzerGold"-dan bildiriblər.
“"AzerGold" QSC perspektivli sahələrin axtarışı ilə yanaşı, mövcud yataqlarda ehtiyatların yenidən qiymətləndirilməsini də həyata keçirir. 2025-ci ilin avqust ayından etibarən Şərqi Zəngəzur iqtisadi rayonunda, Kəlbəcər rayonunun inzibati ərazisində yerləşən Zod qızıl yatağında genişmiqyaslı geoloji tədqiqat işlərinə başlanılıb. Buna qədər ərazinin mərhələli şəkildə mina və partlamamış hərbi sursatlardan təmizlənməsi davam etdiyindən geoloji tədqiqatlar prosesi ləng getsə də, hazırda yatağın ölkəmizin ərazisindəki hissəsində geoloji qiymətləndirmə işləri yüksək templə həyata keçirilir”, - deyə şirkətdən bildiriblər.
Məlumata görə, artıq yataq sahəsinin müasir metodlarla topoqrafik planalması icra edilib: “Bundan əlavə, yataq filizlərinin yerüstü geokimyəvi sınaqlaşdırılması da aparılıb. Əlavə olaraq, ehtiyatların qiymətləndirilməsi üçün buruq quyuları layihələndirilib və hazırda qazma işləri davam etdirilir. Bununla yanaşı, növbəti mərhələlərdə mühəndis-geoloji, metallurji-texnoloji, hidrogeoloji tədqiqatlar, qalıq ehtiyatların hesablanması və texniki-iqtisadi əsaslandırma işlərinin aparılması planlaşdırılır. Nəticələr əldə olunduqca bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.”
