...

“AzerGold” yaxın illərdə yeni mədənlərin aşkarlanmasını real perspektiv kimi qiymətləndirir (ÖZƏL)

İqtisadiyyat Materials 14 Noyabr 2025 10:36 (UTC +04:00)
“AzerGold” yaxın illərdə yeni mədənlərin aşkarlanmasını real perspektiv kimi qiymətləndirir (ÖZƏL)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

“AzerGold” yaxın illərdə yeni mədənlərin aşkarlanmasını real perspektiv kimi qiymətləndirir. Bunu Trend-in sorğusuna cavab olaraq “AzerGold”-dan bildiriblər.

1. Hazırda Qarabağ və Şərqi Zəngəzurda aparılan geoloji kəşfiyyat işlərinin əsas istiqamətləri nədən ibarətdir və “AzerGold” bu prosesdə hansı rolu oynayır?

“AzerGold” QSC-nin başlıca məqsədlərindən biri ölkəmizin əlvan və qara metal filizi yataqlarının dayanıqlı idarə olunmasını və onların effektiv şəkildə istifadəsini təmin etməkdir. Dövlət şirkəti tərəfindən ölkəmizin mineral-xammal resurslarından istifadənin səmərəliliyinin yüksəldilməsi və yeni mədənlərin işə salınması istiqamətində intensiv kəşfiyyat və tədqiqat işləri həyata keçirilir.

“AzerGold” tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan geoloji kəşfiyyat işlərinin əsas istiqamətləri regionun yeni perspektivli mineral-xammal potensialının müəyyənləşdirilməsi, mövcud yataqlarda ehtiyatların yenidən qiymətləndirilməsidir.

“AzerGold” Qarabağ və Şərqi Zəngəzurla yanaşı, ölkəmizin digər ərazilərini də əhatə edən filiz, qeyri-filiz yataqları və təzahür sahələri üzrə geoloji kəşfiyyat proqramının icrasını həyata keçirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 iyun 2023-cü il tarixli Sərəncamına uyğun olaraq, “AzerGold”un icra etdiyi proqram Kiçik Qafqaz sıra dağlarını - Qarabağ, Şərqi Zəngəzur, Qazax-Tovuz və Gəncə-Daşkəsən iqtisadi rayonlarının ərazisini, eləcə də Naxçıvan Muxtar Respublikasını, ümumilikdə isə 15 409 km² sahəni əhatə edir.

Kəşfiyyat proqramının xüsusi cəhətlərindən biri tədqiqatların müasir, innovativ və ekoloji baxımdan daha təhlükəsiz texnologiyaların tətbiqi əsasında həyata keçirilməsidir. Axtarışlar zamanı qeyri-invaziv axtarış metodları – hiperspektral peyk çəkilişləri və aeroelektromaqnetik tədqiqat üsulu tətbiq edilir. Bu üsullar perspektivli sahələrin qısa vaxtda müəyyənləşdirilməsinə, böyük vəsait tələb edən buruqqazma işlərinə böyük ölçüdə qənaət edilməsinə, tədqiqatların daha kiçik arealı əhatə edən, dəqiq koordinatlar daxilində aparılmasına imkan verir. Nəticə olaraq qısa zaman ərzində yer səthinə müdaxilə etmədən geoloji məlumatlar əldə olunur.

Sözügedən texnologiyaların tətbiqi ilə aparılan tədqiqat və qiymətləndirmələr 2027-ci ilin sonuna qədər yekunlaşacaq. Yekunda Kiçik Qafqaz sıra dağlarının ölkəmizə düşən hissəsi və Naxçıvan Muxtar Respublikası üzrə kompleks axtarış-qiymətləndirmə işləri tamamlanacaq, eləcə də mövcud geoloji xəritələri və məlumat bazası yenilənərək, ilkin kəşfiyyat mərhələsi yekunlaşacaq.

Ölkə üzrə geoloji kompleks kəşfiyyat və tədqiqatlardan əldə ediləcək nəticələr həm elmi, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyır. Belə ki, nəticələr yeni perspektivli sahələrin müəyyənləşdirilməsinə imkan verəcək. Müəyyən edilmiş sahələrdə növbəti mərhələlər üzrə tədqiqatların davam etdirilməsi və mümkün hasilat işlərinin həyata keçirilməsi gələcəkdə dövlət tərəfindən müəyyən ediləcək operatorlar tərəfindən həyata keçiriləcək. Yeni irimiqyaslı mədən layihələrinin reallaşdırılması isə dağ-mədən sənayesinin, qeyri-neft sektorunun, ümumilikdə isə ölkə iqtisadiyyatının inkişafına, regionun sosial rifahının yüksəlməsinə ciddi töhfələr verəcək.

Əlavə olaraq qeyd edək ki, “AzerGold” QSC perspektivli sahələrin axtarışı ilə yanaşı, mövcud yataqlarda ehtiyatların yenidən qiymətləndirilməsini də həyata keçirir. 2025-ci ilin avqust ayından etibarən Şərqi Zəngəzur iqtisadi rayonunda, Kəlbəcər rayonunun inzibati ərazisində yerləşən Zod qızıl yatağında genişmiqyaslı geoloji tədqiqat işlərinə başlanılıb. Buna qədər ərazinin mərhələli şəkildə mina və partlamamış hərbi sursatlardan təmizlənməsi davam etdiyindən geoloji tədqiqatlar prosesi ləng getsə də, hazırda yatağın ölkəmizin ərazisindəki hissəsində geoloji qiymətləndirmə işləri yüksək templə həyata keçirilir. Artıq yataq sahəsinin müasir metodlarla topoqrafik planalması icra edilib. Bundan əlavə, yataq filizlərinin yerüstü geokimyəvi sınaqlaşdırılması da aparılıb. Əlavə olaraq, ehtiyatların qiymətləndirilməsi üçün buruq quyuları layihələndirilib və hazırda qazma işləri davam etdirilir. Bununla yanaşı, növbəti mərhələlərdə mühəndis-geoloji, metallurji-texnoloji, hidrogeoloji tədqiqatlar, qalıq ehtiyatların hesablanması və texniki-iqtisadi əsaslandırma işlərinin aparılması planlaşdırılır. Nəticələr əldə olunduqca bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

2. Yaxın zamanda yeni yataqların aşkarlanması və ya mövcud resursların genişləndirilməsi gözlənilirmi?

Ümumilikdə, əldə olunan ilkin geoloji nəticələr həm Qarabağ və Şərqi Zəngəzur, həm də Qazax-Tovuz, Gəncə-Daşkəsən iqtisadi rayonlarının ərazilərinin, eləcə də Naxçıvan Muxtar Respublikasının yüksək mineral-xammal potensialına malik olduğunu sübut edir və yaxın illərdə yeni yataqların aşkarlanması, həmçinin mövcud resursların artırılması real perspektiv kimi qiymətləndirilir.

3. “AzerGold” bu istiqamətdə elmi-tədqiqat institutları və universitetlərlə hansı əməkdaşlıq formatlarını həyata keçirir?

“AzerGold” geoloji kəşfiyyat və tədqiqat işlərinin icrası çərçivəsində Ekologiya və təbii sərvətlər nazirliyinin aidiyyətli qurumları, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunun, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi, eləcə də Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Geologiya fakültələrinin alimləri ilə əməkdaşlıq edir.

“AzerGold” QSC Geologiya və Geofizika İnstitutu əməkdaşlığa dair memorandum çərçivəsində institutun yüksək dərəcəli alim-mütəxəssislərinin intellektual potensialından Cəmiyyətin kəşfiyyat layihələrinin hazırlanmasında məsləhətçi qismində istifadə edilir. Həmçinin əməkdaşlıq çərçivəsində ölkənin qızıl yataqlarının geoloji-genetik modelləri hazırlanıb. Həmin modellər Səhmdar Cəmiyyətinin geoloqları tərəfindən proqnozlaşdırmada geniş istifadə edilir. Eyni zamanda qeyd etmək istərdik ki, Cəmiyyətin dağ-mədən sənayesi üzrə yüksək ixtisaslı, elmi dərəcəyə malik əməkdaşları gənc nəslin bu sahədə biliklərinin artırılması məqsədilə elmi və pedaqoji fəaliyyətlə məşğul olur, müxtəlif və geologiya sahəsində yeni kadrların hazırlanmasına öz töhfələrini verirlər.

Gənclərin, xüsusilə regionlarda yaşayan tələbələrin dağ-mədən sənayesinə marağının artırılması, bu sahədə təhsil alan tələbələrin ixtisas biliklərinin dərinləşdirilməsi və geologiya elminin inkişafına əlavə töhfələrin verilməsi istiqamətində 9 yerli təhsil müəssisəsi ilə də əməkdaşlıq edilir.

Ümumiyyətlə ölkəmizdə sənaye və istehsalat sahələrinin elm və təhsil müəssisələri ilə inteqrasiyasının gücləndirilməsi üçün dövlət tərəfindən geniş imkanlar yaradılıb. Mövcud dövlət siyasəti sənaye və elm-tədris müəssisələri arasında qarşılıqlı əməkdaşlığın inkişafına, innovativ layihələrin reallaşdırılmasına və kadr potensialının gücləndirilməsinə yönəlib. Məhz bunun nəticəsidir ki, ölkəmizin aparıcı sənaye müəssisələri tərəfindən elm, təhsil və istehsalın vəhdətinin təmin olunması məqsədilə uğurlu proqramların, təşəbbüslər həyata keçirilməsi geniş vüsət alıb.

Dövlət şirkəti olaraq “AzerGold” QSC də bu sahədə görülən işlərin genişləndirilməsinə xüsusi önəm verir, elmi-tədqiqat institutları ilə əməkdaşlığın inkişafı və kadr hazırlığının gücləndirilməsi istiqamətində yeni layihələrin icrasını planlaşdırır.

4. Qarabağ və Şərqi Zəngəzurda yeni yataqların işlənməsi bölgədə məşğulluğun artırılmasına hansı formada təsir göstərəcək?

İlk növbədə qeyd edək ki, “AzerGold” QSC-nin fəaliyyəti nəticəsində məşğulluğa cəlb edilmiş 2554 nəfərin 80%-dən çoxu məhz regionları, daha dəqiq desək, Gəncə-Daşkəsən iqtisadi rayonunu, xüsusilə də ucqar kəndləri təmsil edir. Qarabağ və Şərqi Zəngəzurda, eləcə də Kiçik Qafqaz regonunu əhatə edən digər bölgələrdə yeni mədənlərin işə salınması da eyni qaydada böyük əksəriyyəti regionları təmsil edən minlərlə vətəndaşın daimi işlə təmin olunmasına imkan yaradacaq.

Qarabağ və Şərqi Zəngəzurda yeni yataqların işlənməsi dövlət başçısı, cənab İlham Əliyevin Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində regionun sosial-iqtisadi dirçəlişinə, əhalinin dayanıqlı məskunlaşmasının və davamlı iqtisadi inkişafının təmin olunması istiqamətində qarşıya qoyulan hədəflərə xidmət edəcək. Dövlət Proqramında müəyyən edilmiş prioritet istiqamətlər nəzərə alınmaqla həyata keçiriləcək fəaliyyət sahələri regionda minlərlə yeni iş yerlərinin yaradılması ilə yanaşı, mədənçilik, geologiya və metallurgiya sahələri üzrə yerli kadr potensialının formalaşdırılmasına, eləcə də kiçik sahibkarlıq, logistika və əlaqəli digər sahələrin inkişafına mühüm töhfə verəcək.

Yeni mədənlərin işə salınmasının müsbət sosial təsiri, əlavə olaraq korporativ sosial məsuliyyət çərçivəsində icra ediləcək layihələrlə də təmin olunacaq. Bölgədə təhsil, səhiyyə və idmanın inkişafına dəstək veriləcək, yerli icmaların rifahı yüksələcək, həmçinin sosial-iqtisadi imkanlar genişləndirilərək, dayanıqlı inkişafa davamlı töhfələr veriləcək.

Yeri gəlmişkən, “AzerGold” QSC aktiv hasilat və istehsalat işləri apardığı Daşkəsən və Göygöl rayonlarında, fəaliyyətinin ilk illərindən etibarən dayanıqlı və inklüziv inkişaf, idman və sağlamlıq, ətraf mühitin mühafizəsi, aqrar inkişaf, təhsil, maarifləndirmə, sahibkarlıq fəaliyyətinə dəstək, tarixi-mədəni irsin qorunması istiqamətləri üzrə çoxsaylı sosial layihələr həyata keçirir. Yerli icmaların rifahının yüksəldilməsi və bu sahədə həyata keçirilən dövlət proqramlarına dəstək məqsədi ilə icra edilən bu layihələrdən yüzlərlə icma üzvü faydalanır. Səhmdar Cəmiyyətinin xüsusilə ucqar kənd və qəsəbələrin sosial-iqtisadi inkişafı sahəsindəki təşəbbüsləri ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. “Milli Korporativ Sosial Məsuliyyət” mükafatına layiq görülən ilk dövlət şirkəti olan “AzerGold” bugünədək müxtəlif nominasiyalar üzrə təltif edilib.

5. Yeni geoloji layihələrdə ekoloji dayanıqlılıq və ətraf mühitin qorunması prinsipləri necə təmin olunur? “AzerGold” bu baxımdan hansı beynəlxalq standartlara əsaslanır?

Ekoloji dayanıqlılıq və ətraf mühitin qorunması “AzerGold” QSC-nin bütün fəaliyyət istiqamətləri üzrə əsas prioritetdir. Cəmiyyət bu və digər prinsipləri BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun formalaşdıraraq, ətraf mühitin qorunmasını və təbii resursların məsuliyyətli idarə olunmasını təmin edir. Ətraf mühitlə bağlı fəaliyyətlərdə Azərbaycan Respublikasının milli qanunvericiliyinə və ölkəmizin tərəfdaş çıxdığı beynəlxalq konvensiyalara uyğunluq əsas götürülür.

Geoloji layihələrin icrası çərçivəsində, yuxarıda da qeyd edildiyi kimi, axtarışlar zamanı ekoloji cəhətdən daha təhlükəsiz, qeyri-invaziv metodlar aktiv şəkildə tətbiq edilir. Bu üsulların əsas ekoloji üstünlüyü, yer səthinə və ekosistemlərə minimal təsirlə məlumat əldə etməyə imkan verməsidir.

Yataqların istismarı prosesində də ekoloji tələblər ən vacib prioritet kimi nəzərə alınır. Yataqların istismarına başlamazdan öncə ətraf mühitə təsirin qiymətləndirilməsi aparılır, istismar fəaliyyəti müddətində isə hava, su və torpaq göstəriciləri üzrə mütəmadi ekoloji monitorinq həyata keçirilir.

Bundan əlavə, qeyd etmək lazımdır ki, “AzerGold” ölkəmizdə dağ-mədən sahəsində istismarı başa çatmış mədən layihəsində rekultivasiya həyata keçirən ilk şirkətdir. Bu proses nəticəsində ərazilərdə ekosistemin bərpası və landşaftın yenidən formalaşdırılması təmin edilib. Eyni zamanda, şirkət tərəfindən həyata keçirilən ekoloji layihələr arasında bioloji müxtəlifliyin qorunması, heyvan və bitki örtüyünün zənginləşdirilməsi ilə bağlı fəaliyyət də xüsusilə önəmli yer tutur. Hasilat zonaların yaxınlığında yerli iqlim tipinə uyğun minlərlə ağac və kol bitkilərinin əkilməsi həyata keçirilir və bu istiqamətdə fəaliyyət mütəmadi olaraq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti