Bakı. Trend:
Ekoloji dayanıqlılıq və ətraf mühitin qorunması “AzerGold” QSC-nin bütün fəaliyyət istiqamətləri üzrə əsas prioritetdir. Cəmiyyət bu və digər prinsipləri BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun formalaşdıraraq, ətraf mühitin qorunmasını və təbii resursların məsuliyyətli idarə olunmasını təmin edir. Ətraf mühitlə bağlı fəaliyyətlərdə Azərbaycan Respublikasının milli qanunvericiliyinə və ölkəmizin tərəfdaş çıxdığı beynəlxalq konvensiyalara uyğunluq əsas götürülür.
Bunu Trend-in sorğusuna cavab olaraq "AzerGold"-dan bildiriblər.
“Geoloji layihələrin icrası çərçivəsində axtarışlar zamanı ekoloji cəhətdən daha təhlükəsiz, qeyri-invaziv metodlar aktiv şəkildə tətbiq edilir. Bu üsulların əsas ekoloji üstünlüyü, yer səthinə və ekosistemlərə minimal təsirlə məlumat əldə etməyə imkan verməsidir. Yataqların istismarı prosesində də ekoloji tələblər ən vacib prioritet kimi nəzərə alınır. Yataqların istismarına başlamazdan öncə ətraf mühitə təsirin qiymətləndirilməsi aparılır, istismar fəaliyyəti müddətində isə hava, su və torpaq göstəriciləri üzrə mütəmadi ekoloji monitorinq həyata keçirilir”, - deyə şirkətdən bildiriblər.
Vurğunalıb ki, “AzerGold” ölkəmizdə dağ-mədən sahəsində istismarı başa çatmış mədən layihəsində rekultivasiya həyata keçirən ilk şirkətdir: “Bu proses nəticəsində ərazilərdə ekosistemin bərpası və landşaftın yenidən formalaşdırılması təmin edilib. Eyni zamanda, şirkət tərəfindən həyata keçirilən ekoloji layihələr arasında bioloji müxtəlifliyin qorunması, heyvan və bitki örtüyünün zənginləşdirilməsi ilə bağlı fəaliyyət də xüsusilə önəmli yer tutur. Hasilat zonaların yaxınlığında yerli iqlim tipinə uyğun minlərlə ağac və kol bitkilərinin əkilməsi həyata keçirilir və bu istiqamətdə fəaliyyət mütəmadi olaraq davam etdirilir.”
