Bakı. Trend:
Çin-Azərbaycan-Avropa marşrutu üzrə yükdaşımaların həcmi 2030-cu ilə qədər iki dəfə arta bilər.
Bunu Trend-ə müsahibədə Multimodal daşımalar və təchizat zəncirlərinin idarə edilməsi ilə məşğul olan Almaniyanın “Rhenus Logistics” beynəlxalq logistika qrupundan bildiriblər.
“Şirkət Çin-Azərbaycan-Avropa marşrutu üzrə yükdaşımalar həcminin yüksək və dayanıqlı artım potensialını görür. Qlobal təchizat zəncirlərinin şaxələndirilməsi və şirkətlərin daşımalar üçün daha dayanıqlı həllər axtarması ilə Transxəzər dəhlizi ehtiyat variantından əsas ticarət marşrutuna çevrilib.
Son iki ildə Transxəzər marşrutu üzrə konteyner trafiki ildə təxminən 35–40% artaraq 2024-cü ildə 3,2 milyon tona çatıb ki, bu da 2022-ci ildəki 1,5 milyon tonla müqayisədə əhəmiyyətli artım deməkdir. Bakı, Aktau və Kurık kimi əsas hablara davamlı investisiyalar və Qazaxıstan, Azərbaycan və Gürcüstan arasında dəmir yolu əlaqələrinin təkmilləşdirilmiş koordinasiyasını nəzərə alsaq, 2030-cu ilə qədər yük daşımalarının həcminin ikiqat artacağı gözlənilir”,- deyə “Rhenus Logistics” nümayəndəsi qeyd edir.
Şirkət əlavə edib ki, liman və dəmir yolu infrastrukturunun daha da inkişaf etdirilməsi, habelə effektiv multimodal koordinasiya yaxın illərdə yükdaşıma həcmlərinin artımını stimullaşdırmağa davam edəcək.
“Rhenus”un regionda və əsas terminallarda fəal iştirakı şirkətə bu artımı dəstəkləməyə və koridor boyunca etibarlı, dayanıqlı logistika həlləri təqdim etməyə imkan verir.
