Bakı. Trend:
Tədarüklərin etibarlılığı və infrastrukturun istismar müddətinin uzadılması, onun bütövlüyünün effektiv idarə olunmasından asılıdır.
Trend xəbər verir ki, bunu “SOCAR Midstream Gas Operations”ın (SOCAR MGO) icraçı direktoru Polad Rüstəmov Bakıda keçirilən “Asset Integrity & Corrosion and Coatings Conference ” (Aktivlərin bütövlüyü, Korroziya və Qoruyucu örtüklər) beynəlxalq konfransında çıxışı zamanı deyib.
O vurğulayıb ki, həm şirkətin, həm də hökumətin strategiyası həyata keçirilən layihələrin yüksək keyfiyyətini təmin etmək və sabit, etibarlı tərəfdaş kimi işgüzar nüfuzunu qorumaqdan ibarətdir.
“Etibarlılıq təkcə siyasi sabitlik, resursların mövcudluğu və imzalanmış sazişlərlə məhdudlaşmır. Bizim baxışımıza görə, bu, ilk növbədə enerji resurslarının yataqlardan son istehlakçıya çatdırılmasına imkan verən infrastruktur deməkdir”, – P. Rüstəmov qeyd edib.
Onun sözlərinə görə, belə etibarlılığın təmin edilməsində əsas element infrastrukturun bütövlüyünün idarə edilməsidir.
Polad Rüstəmov bildirib ki, vaxtında xidmət və monitorinq tələblərinə əməl edilməməsi baha başa gələn insidentlərə və ciddi nəticələrə səbəb ola bilər.
“Əgər biz aktivlərimizə vaxtında qayğı göstərmiriksə və infrastrukturun bütövlüyünün idarə olunması üzrə yaxşı düşünülmüş proqramı düzgün tətbiq etmiriksə, nəticələrin aradan qaldırılması daha baha başa gələ bilər. Bu gün belə insidentlərin qarşısının alınmasının əhəmiyyətini təsdiqləyən texnologiyalar təqdim olunacaq”, - deyə P. Rüstəmov deyib.
