Bakı. Trend:
İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən, mərkəzləşdirilmiş qaydada uçota alınan hüquqi və fiziki şəxslər də işğaldan azad edilmiş ərazinin rezidenti hesab ediləcək və güzəştlərdən yararlanacaq.
Trend-in məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Sənədə əsasən, işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən vergitutmanın məqsədləri üçün işğaldan azad edilmiş ərazinin rezidenti dedikdə işğaldan azad edilmiş ərazilərdə və ya mərkəzləşdirilmiş qaydada vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşüləcək.
Məlumat üçün bildirək ki, mövcud qanunvericiliyə görə, şğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar.
ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazinin rezidentləri tərəfindən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 (on) il müddətində ƏDV-dən azaddır. Bu maddənin müddəaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada verilmiş təsdiqedici sənəd əsasında tətbiq edilir.
İşğaldan azad edilmiş ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarlarının (payçılarının) dividend gəlirləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azaddır.
