Bakı. Trend:
PwC Azərbaycan və Bakı Fond Birjası (BFB) ölkənin kapital bazarlarının inkişafını sürətləndirmək və maliyyə sektorunun dayanıqlı inkişafını dəstəkləmək məqsədilə Anlaşma Memorandumu (MoU) imzalayıblar.
Memorandum Bakı Fond Birjasının İdarə Heyətinin Sədri cənab Ruslan Xəlilov və PwC Azərbaycanın Ölkə üzrə İdarəedici Partnyoru cənab Şaukat Tapia tərəfindən imzalanıb. Sənəd bazar iştirakçılarının imkanlarının genişləndirilməsi, emitentlərin kapital bazarlarına çıxış imkanlarının artırılması, eləcə də kapital bazarlarında şəffaflıq və qabaqcıl təcrübələrin təşviqi istiqamətində qarşılıqlı əməkdaşlıq üçün zəmin yaradır.
Sazişə münasibət bildirən PwC Azərbaycanın Ölkə üzrə İdarəedici Partnyoru cənab Şaukat Tapia bildirib:
“Dayanıqlı və səmərəli kapital bazarları iqtisadi artımın təşviqi və uzunmüddətli investisiyaların cəlb edilməsi üçün mühüm rol oynayır. Bakı Fond Birjası ilə əməkdaşlığımız çərçivəsində bilik və təcrübəmizi bölüşərək bazarda etimadın artırılmasına, emitentlərin dəstəklənməsinə və Azərbaycanın kapital bazarlarının inkişafına töhfə verməkdən məmnunuq.”
Memorandum PwC Azərbaycan və Bakı Fond Birjası arasında əməkdaşlıq prinsiplərini müəyyən edən çərçivə funksiyasını daşıyır. Memorandum çərçivəsində həyata keçiriləcək xüsusi layihələr və təşəbbüslər zərurət yarandıqda ayrıca sazişlər vasitəsilə icra olunacaq.
Bu tərəfdaşlığın möhkəmləndirilməsi PwC Azərbaycan və Bakı Fond Birjasının Azərbaycanda iqtisadi artımı dəstəkləyən, investisiya cəlbediciliyini artıran və biznes və investorlar üçün yeni imkanlar yaradan dayanıqlı, şəffaf və səmərəli kapital bazarının qurulması istiqamətində ortaq dəyərlərini və uzunmüddətli səylərini bir daha nümayiş etdirir.
