Bakı. Trend:
Bakıda Azərbaycan–İsrail biznes-forumu öz işini yekunlaşdırıb.
Trend xəbər verir ki, tədbir Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, İsrailin xarici işlər naziri Gideon Saar və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayevin iştirakı ilə keçirilib.
Forumda çıxış edən İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev deyib ki, Azərbaycan şirkətlərinə İsraildə həyata keçirilməsi nəzərdə tutulan potensial infrastruktur layihələri barədə məlumatlar təqdim ediləcək.
“Bizim İsraildən olan həmkarlarımızla birlikd,ə İsrailin Maliyyə Nazirliyi tərəfindən ölkədə planlaşdırılan qarşıdakı infrastruktur layihələri barədə təqdim olunacaq məlumatlarla bağlı razılığa gəldik. Bu məlumatları potensial tərəfdaşlıqlar barədə məlumatlılığın artırılması məqsədilə Azərbaycan şirkətləri arasında yayacağıq”, – deyə Y.Abdullayev qeyd edib.
O, həmçinin bildirib ki, AZPROMO İsrailli həmkarları ilə İsraildə sənaye infrastrukturu layihələrinə Azərbaycan şirkətlərinin cəlb olunması istiqamətində praktiki addımları müzakirə edib.
“İsrailin inkişafına yönəlmiş biznes gündəliyinin uzlaşdırılması və əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı ola biləcək şirkətlərin müəyyənləşdirilməsi barədə razılıq əldə etdik”, - deyə Y.Abdullayev əlavə edib.
Daha sonra İqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd edib ki, Azərbaycan və İsrail arasında qaşılıqlı investisiyaların həcmi təxminən 600 milyon ABŞ dolları təşkil edir.
"Bizim əməkdaşlığımız investisiyaların təşviqi və qarşılıqlı qorunması, həmçinin ikiqat vergi tutulmasının qarşısının alınması haqqında sazişlərlə dəstəklənir. Bunlar işgüzar əlaqələrin genişləndirilməsi üçün möhkəm hüquqi baza formalaşdırır. Hazırda Azərbaycanda İsrail kapitalı ilə 130 kommersiya strukturu fəaliyyət göstərir", – deyə o bildirib.
Nazir qeyd edib ki, iki ölkə geniş sahələri əhatə edən əməkdaşlıqda real nəticələr təmin edən möhkəm və praqmatik tərəfdaşlıq qurub.
İsrailin xarici işlər naziri Gideon Saar isə öz növbəsində vurğulayıb ki, Azərbaycan və İsrail strateji tərəfdaşlığı yeni səviyyəyə qaldırmaq niyyətindədir.
“Biz qarşılıqlı investisiyaları artırmağa və insanlar arasında təmasları inkişaf etdirməyə can atırıq. Əminəm ki, bu bizdə alınacaq”, -deyə o bildirib.
Onun sözlərinə görə, İsrail və Azərbaycan regionlarda sabitliyin dayağıdır və inkişaf etmiş iqtisadiyyatlara malikdirlər.
G. Saar qeyd edib ki, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi təxminən 50 faiz artaraq 360 milyon ABŞ dollarını ötüb.
“Əminəm ki, gələn il və sonrakı illərdə bu göstəricilər daha da yüksək olacaq. Lakin hazırkı artım da əhəmiyyətlidir”, – deyə İsrailli XİN başçısı bildirib.
Onun sözlərinə görə, Azərbaycan önəmli regional – coğrafi mövqeyə malikdir.
