Bakı. Trend:
Bakı Fond Birjasında (BFB) Avropa Yenidənqurma və İnkişaf Bankının
(AYİB) manat istiqrazları üzrə ikinci bazarda 3 milyon manatlıq
ticarət əməliyyatı baş tutub.
Bunu Trend-ə
müsahibəsində Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin sədri
Ruslan Xəlilov deyib.
O, müsahibəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB)
dəyişən faiz dərəcəli manat istiqrazlarının Bakı Fond Birjasında
ticarətə buraxılmasını bazar üçün çox önəmli hadisə kimi
dəyərləndirib: “Bu, həm yerli valyutada, həm də “floating rate
note” (dəyişkən faizli istiqraz) formatında ilk beynəlxalq maliyyə
qurumu emissiyasıdır. Hətta ikinci bazarda bir əməliyyat da
reallaşıb. Burada təxminən 3 milyon manatlıq əməliyyat baş
tutub.
AYİB-in dəyişən faiz dərəcəli manat istiqrazlarının kapital
bazarında ticarətə buraxılmasının digər faydası ondan ibarətdir ki,
hələ tez olsa da, bu, gələcəkdə faiz dərəcəsi svoplarının (Interest
rate swap) əməliyyatlarının tranzaksiyalarına gətirib çıxara bilər.
Ən azından hazırda bazarda birinci addım kimi dəyişkən faizli
istiqraz var, indiyədək bu yox idi. Bu çox vacib addım oldu".
Sədr vurğulayıb ki, hazırda bir sıra digər beynəlxalq maliyyə
institutları ilə də istiqraz emissiyaları üzrə danışıqlar aparılır:
"Beynəlxalq inkişaf banklarının yerli valyutada emissiya etməyə
marağı var, çünki bu, “currency risk”in (valyuta riskinin) daha
effektiv idarə olunmasına imkan verir. Ünsiyyətdə olduğumuz bir çox
beynəlxalq maliyyə təşkilatları Bakı Fond Birjasında istiqraz
emissiyasında maraqlıdırlar. Qonşu ölkələrdə bu praktikalara rast
gəlirik. Amma konkret olaraq hansının nə zaman emissiya edəcəyini
demək doğru olmaz. Azərbaycanda fəaliyyət göstərən beynəlxalq
inkişaf banklarının deyərdim ki, hər birinin emissiya etməyə marağı
var. Ən azından ona görə ki, bu banklar beynəlxalq inkişaf
banklarıdır və onlar üçün ən uyğun həll yolu odur ki, yerli
valyutada öz risk dərəcələrində istiqraz buraxsınlar və
istiqrazdan, məsələn, əldə etdikləri vəsaiti yerli strateji
layihələrə elə yerli valyutada yönləndirsinlər.
Biz həmin beynəlxalq maliyyə təşkilatları ilə görüşürük, dəvət
edirik və yaxşı əlaqədəyik. Onlara daxili bazar barədə məlumat
veririk”.
