Bakı. Trend:
2026-cı il 01 yanvar tarixinə daxili dövlət borcu 17 milyard 804,5 milyon manat və ya 2025-ci il üzrə 129 milyard 94 milyon manat məbləğində faktiki ÜDM-in 13,8 faizini təşkil edib.
Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, daxili dövlət borcu 2025-ci ilin əvvəli ilə müqayisədə 855,2 milyon manat vəya 4,6 faiz azalıb. 2026-cı il 01 yanvar tarixinə daxili dövlət borcunun ÜDM-ə nisbəti 2025-ci ilin əvvəli ilə müqayisədə 1,0 faiz bəndi azalıb.
2026-cı il 1 yanvar tarixinə daxili dövlət borcunun 9.006,6 milyon manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 8.797,9 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərinin payına düşür.
Bildirilib ki, strategiyaya uyğun olaraq daxili maliyyə bazarının inkişafının dəstəklənməsi məqsədilə, habelə xarici dövlət borcunun daxili dövlət borcu ilə əvəzlənməsi çərçivəsində 2018-ci il ilə müqayisədə dövriyyədə olan dövlət qiymətli kağızların həcmi təqribən 8,5 dəfə artaraq 2026-cı il 01 yanvar tarixinə 9.006,6 milyon manata çatıb.
2025-ci il ərzində dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən dövlət istiqrazları üzrə faiz və diskont ödənişlərinin yerinə yetirilməsinə 607,0 milyon manat vəsait istifadə edilmişdir. Təkrar maliyyələşdirmə risklərinin azaldılması, dövlət istiqrazları üzrə orta ödəmə müddətinin uzadılması məqsədilə 2025-ci il ərzində həyata keçirilən tədbirlər nəticəsində dövriyyə müddəti 3 ilədək olan dövlət istiqrazları vaxtından əvvəl geri alınaraq daha uzunmüddəti dövlət istiqrazları ilə əvəz edilib.
Eyni zamanda, həyata keçirilən tədbirlər nəticəsində dövlət istiqrazları üzrə faiz xəclərinin azaldılması təmin edilib.
Qeyd olunan tədbirlər çərçivəsində dövlət istiqrazlarının təkrar maliyyələşdirilmə əməliyyatları və Təminat Fondunun vəsaiti hesabına 2025-ci il ərzində investorlara ümumilikdə 5.076,6 milyon manat ödənilib.
