...

AİİB Bakı metrosunun genişləndirilməsi üzrə krediti təsdiqlədi

İqtisadiyyat Materials 10 Fevral 2026 16:47 (UTC +04:00)
AİİB Bakı metrosunun genişləndirilməsi üzrə krediti təsdiqlədi
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) Bakı Metropoliteninin genişləndirilməsi layihəsinin həyata keçirilməsi üçün 180 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasını təsdiqləyib.

Trend bu barədə AİİB-ə istinadən xəbər verir.

“Layihənin məqsədi Bakı Metropolitenində xidmətin etibarlılığının artırılması, texniki xidmətin səmərəliliyinin və istismar təhlükəsizliyinin yüksəldilməsi, habelə “Dərnəgül” və “Xocəsən” depolarının tikintisi və təchizatı hesabına metro sisteminin genişləndirilməsi üçün şəraitin yaradılması, ayrı-ayrı stansiyalarda təhlükəsizlik, ekoloji və sosial dayanıqlılıq göstəricilərinin yaxşılaşdırılmasıdır", - deyə bankdan qeyd edilib.

Məlumatda bildirilir ki, Bakı Metropoliteninin genişləndirilməsi layihəsi infrastrukturun inkişafını və texniki dəstəyi əhatə edən iki əsas istiqamət üzrə həyata keçiriləcək.

Qeyd olunur ki, əlavə olaraq, Yaşıl xətt üzrə fəaliyyət göstərən on stansiyanın ekoloji, sosial və istismar standartlarının, eləcə də təhlükəsizlik səviyyəsinin artırılması məqsədilə modernləşdirilməsi planlaşdırılır.
Vurğulanır ki, ikinci komponent texniki və məsləhətçi xidmətləri əhatə edir:

“Bura layihənin hazırlanmasının müşayiəti, layihə həllərinin ekspertizası, tikinti işlərinə nəzarət, ekoloji və sosial təsirin qiymətləndirilməsi, həmçinin proqramın bütün mərhələlərinin icrasına dəstək daxildir.
Layihə Bakı Metropoliteninin inkişafı üzrə dövlət strategiyasının əsas elementi kimi qiymətləndirilir və hökumətin prioritetləri sırasına daxildir”.

Bankın məlumatına görə, iki yeni deponun yaradılması qatarların xidmət göstərilməsi və bütün şəbəkənin dayanıqlı fəaliyyəti üçün zəruri bazanı təmin edəcək:

“Bu, mövcud infrastruktur məhdudiyyətlərini aradan qaldırmağa, xüsusilə “28 May” stansiyasında Qırmızı və Yaşıl xətlərin ayrılmasına imkan verəcək ki, bu da daşımaların etibarlılığını artıracaq və metronun buraxılış qabiliyyətini yüksəldəcək.

Təşəbbüsün Yaşıl xəttin gələcək genişləndirilməsi və hərəkətli heyətin yenilənməsi üçün müasir texniki, ekoloji və idarəetmə standartlarının əsasını qoyacağı gözlənilir. Əlavə olaraq, şəbəkənin inkişafı Bənövşəyi xəttin paralel şəkildə genişləndirilməsi ilə dəstəklənəcək”, – deyə bank məlumat verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti