...

Aİ və Azərbaycan əməkdaşlığı şəhərlərin aşağı karbonlu və dayanıqlı inkişafını təmin edə bilər - Səfir

İqtisadiyyat Materials 13 Fevral 2026 11:31 (UTC +04:00)
Aİ və Azərbaycan əməkdaşlığı şəhərlərin aşağı karbonlu və dayanıqlı inkişafını təmin edə bilər - Səfir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Naxçıvan. Trend:

Avropa İttifaqı (AI) və Azərbaycan birlikdə çalışaraq ölkəmizin şəhərlərinin aşağı karbonlu, dayanıqlı və gələcək nəsillər üçün yaşana bilən olmasını təmin edə bilər.

Trend xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Mariyana Kuyundziç bu gün "Merlər Razılaşması-Şərq Tərəfdaşlığı” təşəbbüsü ilə bağlı Naxçıvanda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, iqlim dəyişikliyi, hamınızın bildiyi kimi, artıq nə uzaq gələcəyin problemi, nə də yalnız qlobal səviyyəli məsələdir: "Bu realdır və şəhərlərimizə, icmalarımıza və iqtisadiyyatımıza birbaşa təsir göstərir.

Azərbaycan da bütün dünya kimi artıq artan temperatur, su çatışmazlığı, ekstremal hava hadisələri və ətraf mühitin deqradasiyası ilə üz-üzədir. Bütün bunlar şəhər həyatına birbaşa təsir edir.

Yerli hökumətlər iqlim fəaliyyətinin ön cəbhəsində dayanır. Çünki enerji əsasən şəhərlərdə istehlak olunur, tullantılar burada yaranır, binalar burada qızdırılır. Yəni iqlim dəyişikliyinin təsirləri ən çox məhz şəhərlərdə hiss olunur.

Merlər Razılaşması şəhərlərə liderlik etmək, iqlim hədəfləri götürmək və milli məqsədləri yerli səviyyədə real tədbirlərə çevirmək üçün güclü çərçivə təqdim edir. Bu təşəbbüsə qoşulan bələdiyyələr könüllü olaraq istixana qazı emissiyalarının azaldılması, iqlim dayanıqlığının artırılması, enerji səmərəliliyinin və davamlılığın gücləndirilməsi öhdəliyini götürürlər.

Bu, təkcə siyasi bəyanat deyil, eyni zamanda konkret yol xəritəsinə və məlumatlara əsaslanan praktik bir yanaşmadır. Enerji sektoru emissiyaların əsas mənbəyi olmaqla yanaşı, dəyişiklik üçün də ən böyük imkanları təqdim edir. Əsas prioritetlərə ictimai binalarda, məktəblərdə, xəstəxanalarda və yaşayış evlərində enerji səmərəliliyinin artırılması, xüsusilə bələdiyyə infrastrukturunda günəş və külək kimi bərpa olunan enerji mənbələrinin təşviqi, yerli enerji paylama sistemlərində itkilərin azaldılması daxildir".

Səfir vurğulayıb ki, enerji səmərəliliyi yalnız iqlim üçün faydalı deyil, u, bələdiyyə xərclərini azaldır, enerji təhlükəsizliyini artırır və ev təsərrüfatlarının kommunal xərclərini aşağı salır: "Binalar şəhərlərdə enerji istehlakının böyük hissəsini təşkil edir. Köhnə binaların istilik izolyasiyası və yenilənməsi, enerjiyə qənaət edən işıqlandırma və istilik sistemləri, eləcə də ağıllı şəhərsalma yanaşmaları enerji tələbatını azaldır, yaşayış rahatlığını, sağlamlığı və həyat keyfiyyətini yüksəldir.

Nəqliyyat sektoru da emissiyaların artmasına ciddi təsir göstərir. Əhalinin artması, ictimai nəqliyyatdan istifadənin çoxalması və eyni zamanda avtomobillərin sayının sürətlə artması bu sahədə problemi daha da kəskinləşdirir. Məsələn, Bakıda son illərdə avtomobillərin sayının 20–30 faiz artdığı qeyd olunur. Bu, Avropanın bir çox şəhərlərində də müşahidə olunan tendensiyadır və mütləq tədbirlər görülməlidir".

M.Kuyundiç qeyd edib ki, tullantıların idarə olunması və dairəvi iqtisadiyyatın tətbiqi də iqlim siyasətinin vacib tərkib hissəsidir: "Ümumilikdə isə yerli səviyyədə iqlim tədbirləri iqtisadi qənaət, yeni iş yerlərinin yaradılması, ictimai sağlamlığın yaxşılaşması və daha təmiz, cəlbedici şəhərlər kimi çoxsaylı üstünlüklər yaradır. Bu gün iqlim tədbirlərinə sərmayə qoymaq sabah iqlim dəyişikliyinin ağır nəticələrinin öhdəsindən gəlməkdən daha ucuz və təhlükəsizdir.

Biz bu gün şəhərlərin ictimai maarifləndirilməsini və fəal iştirakını artırmaq üçün buradayıq. Merlər Razılaşması təşəbbüsünə artıq qoşulmuş bütün şəhərləri görməkdən məmnunam və ümid edirəm ki, yeni şəhərlər də bu təşəbbüsə qoşulacaq. Bu, sadəcə imza deyil, hamımız üçün ortaq məsuliyyətdir".

"Avropa İttifaqı və Azərbaycan birlikdə çalışaraq ölkəmizin şəhərlərinin aşağı karbonlu, dayanıqlı və gələcək nəsillər üçün yaşana bilən olmasını təmin edə bilər. Gəncə, Şəki, Mingəçevir, Şamaxı, Xırdalan və Yevlax şəhərlərini bu təşəbbüsün fəal üzvləri olmaları münasibətilə təbrik edirəm və əminəm ki, bu siyahı genişlənəcək. Naxçıvan şəhərlərinin də proqramdan faydalanaraq ölkənin iqlim fəaliyyətində fəal iştirak edəcəyinə inanıram", - səfir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti