Azərbaycan, Bakı, 13 may / Trend , müxbir S.Babayeva/ BMT-nin Ümümdünya Ərzaq Proqramı ("World Food Program WFP") iyun ayında Azərbaycanda fəaliyyətini dayandırması haqqında məlumat yayıb.
"Bu, bizdən ərzaq yardımı alanlara yardım edilməsinin dayandırılması demək deyil. Onlar bu hadisədən zərər görməyəcək. Onlara Azərbaycan höküməti yardım edəcək", - "WFP"-in Azərbaycan üzrə təmsilçisi Lin Miller (Linn Miller) çərşənbə axşamı bildirib.
Onun sözlərinə görə, bu məsələ Azərbaycan hökümətinin gündəliyindədir.
BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) fövqəladə yardımı göstərərək, 1994-cü ildə Azərbaycanda fəaliyyətə başlayib. 1994-2008-ci illər ərzində ÜƏP 500 min insana 164 min ton, ümumi dəyəri 115 mln.$-lıq ərzaq yardımı edib. Məcburi köçkün adam -başına ayda 6 kq buğda unu, 0,6 litr yağ, 450 qr qənd və 150 qr duz yardım alırdı.
Dünyanin iri humanitar təşkilatı olan ÜƏP 1963-cü ildə BMT-nin sistemində ərzaq yardımı orqanı qismində təsis edilib. Təşkilatın məqsədi aclıq və yoxsulluqla mübarizə aparmaq, inkişaf etməkdə olan ölkələrdə yoxsullara yardım etməkdir.